26 yanvar 2026 12:46
95

Gürcüstanın Moskvadakı diplomatik nümayəndəliyinə sabiq təhsil naziri rəhbərlik edəcək

Gürcüstanın İsveçrənin Moskvadakı səfirliyi yanında fəaliyyət göstərən “Gürcüstanın Maraqlar Bölməsi”nin yeni rəhbəri 41 yaşlı Aleksandr Tsuladze təyin olunub. O, 2024–2025-ci illərdə Gürcüstanın təhsil naziri vəzifəsini icra edib.  Bu barədə Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili məlumat verib.

“İki sahil” xəbər verir ki, xəbəri yerli TV Pirveli resursu yayıb.

Nazirin sözlərinə görə, bu qərar baş nazir İrakli Kobaxidze ilə birgə qəbul edilib və Aleksandr Tsuladzenin “peşəkar keyfiyyətləri” əsas götürülüb.

Hazırda Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər mövcud deyil. Bu münasibətlər 2008-ci ildə baş verən “Beşgünlük müharibə”dən dərhal sonra, Gürcüstanın o zamankı prezidenti Mixail Saakaşvilinin fərmanı ilə kəsilmişdi. Həmin vaxtdan etibarən Rusiyanın Gürcüstandakı maraqlarını İsveçrənin Tbilisidəki səfirliyi yanında fəaliyyət göstərən “Rusiyanın Maraqlar Bölməsi”, Gürcüstanın Rusiyadakı maraqlarını isə İsveçrənin Moskvadakı səfirliyi yanında fəaliyyət göstərən “Gürcüstanın Maraqlar Bölməsi” təmsil edir.

Bununla belə, hər iki ölkənin maraqlar bölmələri hələ də keçmiş səfirlik binalarında yerləşir. Gürcüstandakı bölmə Tbilisinin Çavçavadze prospektində, Rusiyadakı bölmə isə Moskvanın Malıy Rjevsk prospektində fəaliyyət göstərir.