03 aprel 2026 10:28
105

Antonio Quterreş Yaxın Şərqdə müharibənin daha da genişlənəcəyi barədə xəbərdarlıq edib

Yaxın Şərq böhranının ikinci ayına qədəm qoyduğu vaxtda BMT-nin artıq səlahiyyət müddəti başa çatan Baş katibi Antonio Quterreş dünyanın fəlakətli qlobal nəticələrə səbəb olacaq daha geniş müharibənin astanasında olduğu barədə sərt xəbərdarlıq edib.

“İki sahil” xəbər verir ki, Nyu-Yorkda Təhlükəsizlik Şurasının üzvləri qarşısında mətbuata açıqlama verən BMT-nin Baş katibi İsrail və ABŞ-nin İranı bombalamağa davam etdiyi, Tehranın isə qonşu Körfəz dövlətlərinə hücumlar həyata keçirdiyi və düşmən hesab etdiyi gəmilərin vacib Hörmüz boğazından istifadə etməməsi ilə hədələdiyi bir vaxtda sürətlə pisləşən vəziyyətin acınacaqlı mənzərəsini təqdim edib.

O deyib: ““Bu müharibə hər gün insan əzabları artır. Dağıntıların miqyası genişlənir. Ayrı-seçkilik edilmədən hücumlar çoxalır”. Quterreş mülki əhalinin və infrastrukturun hədəfə alınmasının dünya iqtisadiyyatına, xüsusən də enerji idxalından asılı olan ən həssas cəmiyyətlərə təhlükələrinin hər gün artdığını qeyd edib. Baş katib böhranın təsirlərinin artıq regionda məhdudlaşmadığını vurğulayıb və xüsusilə naviqasiya azadlığı ilə bağlı ciddi pozuntulara işarə edib: “Hörmüz boğazı “boğulduqca”, dünyanın ən yoxsul və həssas təbəqəsi nəfəs ala bilmir”.

Bu artan trayektoriyanın qarşısını almaq üçün Baş katib davam edən sülh təşəbbüslərinə kömək etmək məqsədilə şəxsi elçisi Jan Arnonun regiona göndərildiyini elan edib. “Ölüm və dağıntı spiralı dayandırılmalıdır”, - deyən Quterreş, həmçinin diplomatik səylərə dəstək verilməsini tələb edib. O vurğulayıb ki, istənilən qətnamə beynəlxalq hüquqa və BMT Nizamnaməsinə möhkəm şəkildə əsaslanmalıdır.

BMT-nin rəhbəri mübahisələrin sülh yolu ilə həllinə, bütün üzv dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət edilməsinə, müharibə metastaz verərkən İranda və digər yerlərdə təhlükə altında olan mülki şəxslərin və nüvə qurğularının qorunmasına çağırıb. Baş katib müharibə aparan tərəflərə müraciət edərək bildirib: “Amerika Birləşmiş Ştatları və İsrail üçün böyük insan əzablarına səbəb olan və dağıdıcı iqtisadi nəticələr doğuran müharibəni dayandırmağın vaxtıdır”.