Səkilərə və piyada yollarına dair ümumi tələbləri əks etdirən dövlət standartı təsdiq edilib.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada bildirib.
Onun sözlərinə görə, Bakının piyadalar üçün rahat və təhlükəsiz şəhərə çevrilməsi istiqamətində bir çox işlər görülür.
“Küçələr piyadaların istifadəsi üçün daha əlverişli vəziyyətə gətirilir, yeni piyada zonaları yaradılır və ya genişləndirilir. Artıq Xaqani bağının ətrafına, “İçərişəhər”ə və Əziz Əliyev küçəsinə avtomobillərin girişi məhdudlaşdırılıb. Bu ərazidə piyada və mikromobillik zonaları yaradılıb. Şəhərin bəzi mərkəzi küçələrinə isə (Z.Əliyeva, T.Əliyərbəyov, H.Z.Tağıyev, Y.Məmmədəliyev, Ə.Əlizadə küçələri) həftəsonları və bayram günləri avtomobillərin girişinə məhdudiyyətlər tətbiq edilib. Bu küçələr piyadaların istifadəsinə verilməsi təmin edilib. Həmçinin metronun “28 May” stansiyasının qarşısındakı ərazidə piyada infrastrukturu üçün imkanlar yaxşılaşdırılıb”, - deyə AYNA-nın rəhbəri əlavə edib.
A.Rzayev qeyd edib ki, Bakı şəhərində piyada zonalarının (dəhlizlərinin) yaradılması işləri çərçivəsində hazırda İslam Səfərli küçəsində abadlıq-quruculuq işləri aparılır: “İslam Səfərli küçəsi ilə sakinlərin və şəhərimizin qonaqlarının təhlükəsiz gəzintisi təmin ediləcək. Layihə çərçivəsində paytaxtın iki geniş piyada zonası olan Fəvvarələr meydanı və Qış Parkı optimal şəkildə birləşdirilir. Bu il əlavə olaraq Təbriz küçəsində həm piyadalar, həm mikromobillik istifadəçilərinin rahatlığını təmin edən yeni genişmiqyaslı layihə icra olunacaq”.