28 yanvar 2026 13:09
139

Rəhman Hümmətov: Beynəlxalq yükdaşıma sahəsində peşəkar sürücülərə və təmir üzrə ustalara ehtiyac var

Son illər ölkəmizdə yük nəqliyyat vasitələrinin sayı 3400-dən 14 min 193-ə qədər yüksəlib. “İcazə” blanklarının bolluğu yaradılıb, göstərilən xidmətlər elektronlaşdırılıb və ikitərəfli yük daşımaları bazarında bazar payımız 39 faizdən 50 faizədək artıb.

“İki sahil” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın ötən il üzrə icrasına həsr olunan dəyirmi masada bildirib.

Onun sözlərinə görə, bununla da avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları ciddi məşğulluq imkanı yaradıb.

“Eyni zamanda, bu sahədə kadr çatışmazlığı yaşanır. Əsasən, beynəlxalq yükdaşıma sahəsində peşəkar sürücülərə və yük avtonəqliyyat vasitələrinə texniki qulluq və təmir üzrə ustalara ehtiyac var. Qeyd olunan çətinlikləri nəzərə alaraq milli daşıyıcılara dəstək məqsədilə yeni layihəyə start verilib. Layihə çərçivəsində beynəlxalq yük daşımaları sahəsində C və CE kateqoriyalı sürücülərin hazırlanması məqsədilə təlimlər təşkil edilir. Yekunda Dövlət İmtahan Mərkəzi tərəfindən qiymətləndirmə aparılacaq və sürücülərə 7 il müddətində etibarlı olan və beynəlxalq yükdaşıma sahəsində fəaliyyət göstərməyə imkan verən şəhadətnamələr təqdim ediləcək. Gələcəkdə işlə təmin olunmaları üçün sürücülərin daşıyıcılarla əlaqələndirilməsinə də şərait yaradılacaq. Hədəf 5000 yeni sürücünün hazırlanması və beynəlxalq bazarda iştirakının təmin edilməsidir”, - deyə o vurğulayıb.