Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Milli Məclisdə “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun layihəsinin müzakirəsində iştirak edib.
“İki sahil” xəbər verir ki, müvəkkil çıxışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən daima bu istiqamətdə kompleks islahatların həyata keçirildiyini, uşaqların layiqli həyat səviyyəsinin təmini sahəsində mühüm nailiyyətlərin əldə edildiyini diqqətə çatdırıb.
S.Əliyeva qanun layihəsinin hazırlanmasını yeni ictimai münasibətlərin tənzimlənməsi baxımından normativ hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə atılan mühüm addım kimi qiymətləndirib. O, qanun layihəsində əks olunmuş müddəaların Birləşmiş Millətlər Təşkilatının (BMT) Uşaq Hüquqları Komitəsinin Azərbaycan Respublikası Hökümətinin dövri məruzələri üzrə bu istiqamətdə verdiyi tövsiyələrinin icrası baxımından əhəmiyyətini qeyd edib.
Müvəkkil çıxışı zamanı "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununa edilmiş dəyişikliklər nəticəsində Ombudsmanın mandatının genişləndirildiyi, “Uşaq hüquqları haqqında” Konvensiyanın həyata keçirilməsinin monitorinqi və təşviqi üzrə müstəqil monitorinq mexanizminin funksiyalarının həyata keçirilməsi səlahiyyətinin qüvvədə olan “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda da təsbit olunduğunu diqqətə çatdırıb.
S.Əliyeva qanun layihəsinə və digər əlaqəli normativ hüquqi akt layihələrinə Ombudsman tərəfindən təqdim edilmiş təkliflərin aidiyyəti qurumlar tərəfindən nəzərə alındığını vurğulayıb. Ombudsman tərəfindən verilən təkliflərdə eyni zamanda layihənin ölkəmizin qoşulduğu BMT-nin “Uşaq hüquqları haqqında” Konvensiyası və onun Fakultativ Protokollarının müddəalarına uyğunluğunun təmin olunduğu qeyd edilib. Eyni zamanda, Ombudsmanın illik məruzələrində bu sahədə qanunvericiliyə müvafiq dəyişikliklərin edilməsi ilə bağlı təkliflər irəli sürüldüyü bildirilib.
Ombudsman layihədə əks olunan normaların uşaqların çətin həyat şəraitinə düşməsinin qarşısının alınması, onların sosial müdafiəsinin təmin edilməsi, uşaqlar barədə icraatın həyata keçirilməsi zaman onların üstün mənafelərinin nəzərə alınması, onlara qarşı zorakılıqla mübarizənin təkmilləşdirilməsi, ümumilikdə uşaqların hüquqlarının daha səmərəli təmini baxımından zəruri olduğunu vurğulayıb.
Qanun layihəsinin müzakirəsində Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edərək uşaqların hüquqlarının təmin olunması sahəsində mövcud çağırışlar, habelə normativ hüquqi bazanın təkmilləşdirilməsinin vacibliyi barədə fikirlərini bölüşüb.
Müzakirə zamanı qanun layihəsinin müddəaları, uşaqların hüquq və azadlıqlarının daha effektiv təmin edilməsinə yönəlmiş mexanizmlərin təkmilləşdirilməsi, dövrün tələblərinə cavab verən hüquqi tənzimləmənin formalaşdırılması, habelə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb.