İxracyönümlü məhsulların istehsalını artırmaq və müasir iş yerləri yaratmaq
Azərbaycanda yeni yaradılan iri sənaye müəssisələrinin bir hədəfi var: ixracyönümlü məhsulların istehsalını artırmaq və ölkəmizə xarici valyuta axınını sürətləndirmək... Prezident İlham Əliyevin yanvarın 27-də Sumqayıt Sənaye Parkında «Azermirror» MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun və «Bakı Karton və Qutu Fabriki» MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılışında iştirak etməsi də məhz bu vəzifəyə xidmət edir. Eyni zamanda, həmin gün Prezident tərəfindən «Nun» MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməli də qoyuldu.
Ümumi sahəsi 640 hektar olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident fəaliyyət göstərir, layihələrin ümumi dəyəri 6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manat təşkil edir. Layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Ümumiyyətlə, indiyəqədər Sumqayıt Sənaye Parkında faktiki olaraq 6135 nəfər işlə təmin edilib. Rezidentlərin ümumi satış həcmi 15,4 milyard manata çatıb ki, bunun da 5,7 milyard manatı ixracın payına düşür.
Məlumdur ki, tələblərinə uyğun olaraq sənaye parklarında sahibkarlıq fəaliyyətinin təşviqi məqsədilə geniş stimullaşdırıcı tədbirlər paketi tətbiq olunur. Bu tədbirlər, ilk növbədə, vergi və gömrük sahəsini əhatə edir. «Gömrük tarifi haqqında» Azərbaycan Respublikası Qanununa və Vergi Məcəlləsinə əsasən, sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak vergisindən, torpaq vergisindən, gəlir və ya mənfəət vergisindən azad edilirlər.
Bundan başqa, istehsal məqsədilə idxal edilən texnika, texnoloji avadanlıqlar və qurğular üzrə ƏDV tutulmur, həmçinin bu malların idxalı zamanı 10 il müddətinə gömrük rüsumları tətbiq edilmir. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlar üçün əlavə stimullaşdırıcı tədbirlər də nəzərdə tutulub. Belə ki, bu ərazilərdə layihə həyata keçirən sahibkarlara 90 faizə qədər dövlət zəmanəti və 10 faiz subsidiya ilə xüsusi güzəştli bank kreditləri təqdim olunur. Eyni zamanda, kommunal ödənişlər üzrə 20 faiz kəşbək tətbiq edilir, dividend gəlirləri vergidən azad edilir, sosial sığorta ödənişləri üzrə dövlət subsidiyası verilir, mənfəətin və kapitalın repatriasiyası isə tam şəkildə vergidən azad olunur. Bundan başqa, Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıya uyğun olaraq xammal idxalı zamanı gömrük və ƏDV güzəştləri də tətbiq edilir. Bütün bu stimullaşdırıcı mexanizmlər sənaye parklarında və işğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyətinin genişlənməsinə, investisiya cəlbediciliyinin artmasına və dayanıqlı iqtisadi inkişafın təmin olunmasına xidmət edir.
Hazırda ölkəmizdə mövcud sənaye zonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb. İndiyədək sənaye zonalarına 7 milyard manatdan çox investisiya yatırılıb və 11 mindən artıq daimi iş yeri yaradılıb. Növbəti mərhələdə mövcud layihələr üzrə 1,74 milyard manata yaxın investisiyanın cəlb edilməsi nəzərdə tutulur. Sənaye zonalarında indiyədək, ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib və bunun 6,1 milyard manatlıq hissəsi ixrac olunub. Hazırda bu zonalarda istehsal edilən məhsullar -karbamid, polad və polietilen borular, tütün məmulatları, divar kağızları, müxtəlif təyinatlı ayaqqabılar, sürtkü yağları, ferroərintilər, müxtəlif növdə kabellər, şüşə lövhələr, tikinti kimyəviləri, ipliklər, elektrod və s. məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir.
Bu gün ölkədə Sumqayıt, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən «Araz Vadisi İqtisadi Zonası» daxil olmaqla 8 sənaye parkı fəaliyyət göstərir. Həmçinin Naxçıvan Sənaye Parkının, eləcə də Gəncə şəhəri və Şəmkir rayonu ərazisində yeni Qərb Sənaye Parkının yaradılması istiqamətində işlər aparılır. Eyni zamanda, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri də istehsal və sahibkarlıq fəaliyyətinin inkişafına mühüm töhfə verir. Məlumdur ki, Prezident İlham Əliyev yanvarın 15-də Qərb Sənaye Parkının yaradılması haqqında fərman imzalayıb. Qərb Sənaye Parkı Gəncə şəhəri və Şəmkir rayonu ərazisində fəaliyyət göstərəcək.
Ümumiyyətlə, bu gün sənaye zonaları iqtisadiyyatın şaxələndirilməsi və sənaye potensialının genişləndirilməsi istiqmətində Azərbaycanın uzunmüddətli inkişaf strategiyasında mühüm rol oynayır. Bu amil imkan verəcəkdir ki, ölkəmiz yaxın gələcəkdə idxal imkanlarını endirməklə, ixrac potensialını daha da yüksəltsin.
Elçin Zaman, «İki sahil»