29 yanvar 2026 11:30
125

Ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır - Elnarə Ənsari

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində həssas qrupların yaradıcı potensialının inkişaf etdirilməsi, sosial reablitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində ötən il görülmüş işlər və 2026-cı ilin hədəflərinə həsr olunmuş mətbuat konfransı təşkil edilib.

“İki sahil” xəbər verir ki, Mərkəzin direktoru Elnarə Ənsari bildirib ki, ölkəmizdə həyata keçirilən sosial siyasətin əsasında Azərbaycan vətəndaşı dayanır və əhalinin sosial təminatının gücləndirilməsi, maddi rifahının yaxşılaşdırılması məqsədilə mühüm addımlar atılır.

Mərkəzin fəaliyyəti inklüziv və sosial ədalətə əsaslanan cəmiyyətin formalaşdırılması istiqamətində aparılan davamlı işlərin uğurlu nəticələrindən biridir.

Qeyd olunub ki, Mərkəz 2021-ci ildən fəaliyyət göstərir və açılışında cənab Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva iştirak ediblər.

Mərkəz Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb və həssas qruplardan olan şəxslərin bacarıqlarının üzə çıxarılması, inkişaf etdirilməsi, tanıdılması və onların məşğulluq imkanlarının artırılması məqsədi daşıyır.

Hazırda Mərkəz və onun filiallarında benefisiar sayı 292 nəfərdir. Onlardan 175 nəfər Mərkəzdə, 71 nəfər Qarabağ “DOST Evi “ şöbəsində, 46 nəfər isə İsmayıllı “DOST Evi” filialında xidmətlərdən yararlanır. Ötən il təlimləri uğurla tamamlayan 166 nəfərə sertifikat təqdim edilib.

Orxan Vahidoğlu, "İki sahil"