29 yanvar 2026 14:53
151

Azərbaycanın qızıl ehtiyatlarının artırılması strategiyası suveren investorlar arasında effektivliyi ilə seçilir

Britaniyanın "Financial Times" nəşri ölkənin ixrac statistikası ilə bağlı məlumatları araşdıraraq, Azərbaycanın Çindən sonra ən böyük qızıl alıcılarından biri olduğuna diqqət çəkib.

“İki sahil” xəbər verir ki, bu barədə "Report" "Financial Times"da (FT) dərc edilən məqaləyə istinadən xəbər verir.

FT-nin qeyd etdiyi kimi, qlobal "qızıl nəhəngləri"nin qeyri-rəsmi reytinqində ikinci yeri daha az nəzərəçarpan iştirakçı - Azərbaycan tutub.

Nəşr bildirir ki, aktivləri təxminən 70 milyard ABŞ dolları məbləğində qiymətləndirilən Azərbaycan Dövlət Neft Fondu (ARDNF) son illərdə qızıla investisiya qoyuluşunu fəal şəkildə artıraraq genişmiqyaslı diversifikasiya həyata keçirir. Eyni zamanda, fond xaricdə daşınmaz əmlak obyektlərinə, xüsusilə Londonda "78 St James's Street", Parisdə "8 Place Vendôme" və Moskvada "Gallery Actor" kimi aktivlərə investisiya qoymağa davam edir.

"Financial Times" əsas diqqəti məhz qızıla yönəldir. ARDNF-nin aktivlərinin strukturunda bu qiymətli metalın payı 2024-cü ilin sonuna olan 20,6 %-dən 2025-ci ilin sonuna 38,2 %-ə qədər artıb. Bu artım təkcə dünya bazarlarında qızılın kəskin bahalaşması ilə izah edilmir. 2024-cü ilin sonunda fond 146,6 ton qızıl ehtiyatına malik idisə, 2025-ci ilin sonuna bu göstərici 200 tona çatıb.

"ARDNF uzun illər ərzində aktivlər və idarəedici şirkətlər haqqında məlumatların açıqlanması baxımından dünyanın ən şəffaf suveren fondlarından biri hesab edilib", - məqalədə qeyd olunur.

Məqalə müəllifinin sözlərinə görə, "Financial Times"ın yenidən apardığı hesablamalara əsaslanan göstəricilər hətta Norveç Pensiya Fondunun və ya Yeni Zelandiya Suveren Rifah Fondunun (New Zealand Super Fund) nəticələrini belə üstələyə bilər.

FT-nin qiymətləndirmələrinə görə, qızıl nəzərə alınmaqla Dövlət Neft Fondunun investisiya portfelinin ümumi gəlirliliyi 2020-ci ildə 5,3 % idisə, 2025-ci ildə bu göstərici 20 %-i ötüb.

Beləliklə, "Financial Times"ın fikrincə, Azərbaycanın qızıl ehtiyatlarının aktiv şəkildə artırılması strategiyası rəsmi hesabatlarda tam əks olunmasa da, son illərdə suveren investorlar arasında ən effektiv strategiyalardan biri olub.

ARDNF-nin məlumatına görə, qızıl nəzərə alınmadan investisiya portfelinin gəlirliliyi 2020-ci ildə 2,82 %, 2025-ci ildə isə 6,2 % təşkil edib.