29 yanvar 2026 16:05
174

Vüqar Rəhimzadə: Uğurlu sənayeləşmə siyasəti ölkəmizin iqtisadi qüdrətini artırır

Hər bir ölkənin inkişafında iqtisadi amil əsasdır. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulması isə dayanıqlı inkişafı şərtləndirən mühüm faktordur. Azərbaycanın inkişaf modelinin dünyaya nümunə kimi təqdim edilməsi bütün bu məqamlara aydınlıq gətirir. Özünün zəngin enerji resurslarından səmərəli istifadə etməsi bu gün Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi liderliyini qorumasında özünün aydın ifadəsini tapır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası  Azərbaycana bundan sonra da möhtəşəm uğurlar qazandıracaq. 1994-cü ildə Ulu Öndər Heydər Əliyevin ciddi səyləri nəticəsində imzalanan “Əsrin müqaviləsi” ölkəmizin iqtisadi və siyasi mövqeyinin möhkəmlənməsində əhəmiyyətli rol oynadı. Azərbaycanın bu gün böyük investisiya cəlbediciliyinə malik ölkə kimi nüfuz qazanmasında  bu müqavilənin rolu əvəzsizdir. Heç şübhəsiz, Azərbaycan bu sazişlə bünövrəsi qoyulan əməkdaşlıq əlaqələrinin  coğrafiyasının genişlənməsi ilə etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Bütövlükdə enerji diplomatiyamızın uğurları davamlıdır. 2017-ci ildə “Yeni əsrin müqaviləsi”nin imzalanması, 2020-ci ilini sonunda Cənub Qaz Dəhlizi layihəsinin tam tərkibdə istifadəyə verilməsi, Azərbaycanın yaşıl enerjiyə keçidlə hazırda dünyanın diqqətində olması  bugünümüzə və gələcəyimizə hesablanan inkişaf strategiyasının uğurlarıdır. Dövlət başçısı İlham Əliyev iqtisadiyyatın inkişafında neft-qaz sektorunun rolunu daim önə çəkir və bu çağırışı da edir ki, iqtisadiyyatın şaxələndirilməsi prioritet məsələlərdəndir.

Ölkədə qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi, sahibkarlığın dəstəklənməsi, müasir texnologiyalara və yerli resurslara əsaslanan rəqabətqabiliyyətli sənaye istehsalının genişləndirilməsi, habelə regionlarda iqtisadi fəallığın və məşğulluğun daha da artırılması bu gün qarşıda dayanan əsas hədəflərdəndir. Dövlət başçısı İlham Əliyevin bu günlərdə imzaladığı “Qərb Sənaye Parkının yaradılması haqqında” Fərmanı da bu istiqamətdə atılan  addımlar sırasındadır.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Milli Məclisin deputatı qeyd edib ki, dövlətimizin başçısının iştirakı ilə  yanvarın 27-də Sumqayıt Sənaye Parkında sənaye müəssisələrinin təməlqoyma və açılış mərasimlərinin keçirilməsi bu sahənin ölkənin uzunmüddətli iqtisadi inkişaf strategiyasında prioritet istiqamət kimi müəyyənləşdirildiyini bir daha  təsdiqlədi. Azərbaycanın müxtəlif regionlarında sənaye parklarının və sənaye məhəllələrinin yaradılması, həmin iqtisadi subyektlərdə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi üçün əlverişli mühitin formalaşdırılması iqtisadiyyatın şaxələndirilməsi,  qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi məqsədilə ölkədə reallaşdırılan uğurlu sənayeləşmə siyasətinin nəticəsidir. Sənaye zonaları biznes subyektlərinin innovativliyinin və istehsalın səmərəliliyinin artırılmasında, yüksək texnologiyalara əsaslanan məhsul istehsalının təşviqində, ixrac potensialının genişləndirilməsində, eyni zamanda, əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsində mühüm rol oynayır. Hazırda ölkədə Sumqayıt, Qaradağ, Pirallahı, Mingəçevir, Balaxanı, Hacıqabul, Ağdam və Cəbrayıl rayonunda yerləşən “Araz Vadisi İqtisadi Zonası” daxil olmaqla 8 sənaye parkı fəaliyyət göstərir. Naxçıvan Sənaye Parkının, eləcə də Gəncə şəhəri və Şəmkir rayonu ərazisində yeni Qərb Sənaye Parkının yaradılması istiqamətində işlər görülür. Bütün bunlarla yanaşı, Masallı, Neftçala, Sabirabad və Şərur sənaye məhəllələri də istehsal və sahibkarlıq fəaliyyətinin inkişafına töhfə verir.

Vüqar Rəhimzadə vurğulayıb ki,  Prezident İlham Əliyevin  Sumqayıta səfəri çərçivəsində  Sumqayıt Sənaye Parkında “Azermirror” MMC-nin güzgü vərəqələrin istehsalı zavodunun açılışı oldu. Bu statistik rəqəmlər açıqlandı ki, hazırda ölkəmizdə mövcud sənaye zonalarında 104 müəssisə istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarında indiyədək ümumilikdə 19,4 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 6,1 milyard manatlıq hissəsi ixrac olunub. Hazırda istehsal olunan məhsullar dünyanın 70 ölkəsinə ixrac edilir. Ümumi sahəsi 640 hektar olan Sumqayıt Sənaye Parkında hazırda 40 rezident fəaliyyət göstərir,  layihələrin ümumi dəyəri 6,7 milyard manat, faktiki investisiya həcmi isə 5,5 milyard manat təşkil edir. Layihələr çərçivəsində 8800-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Faktiki olaraq 6135 nəfər işlə təmin edilib. Səfər zamanı, həmçinin  Sumqayıt Sənaye Parkında  “Bakı Karton və Qutu Fabriki” MMC-nin karton və qutu taralarının istehsalı müəssisəsinin açılış, “Nun” MMC-nin polipropilen və laminatlı kisə istehsalı müəssisəsinin təməlqoyma mərasimi keçirildi. Göründüyü kimi,  yeni sənaye sahələrinin formalaşdırılması, rəqabətqabiliyyətli məhsul istehsalının genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilir.

Millət vəkili bildirib ki, bu gün bütün regionlarımızın, o cümlədən işğaldan azad edilmiş ərazilərimizin malik olduğu potensialdan səmərəli istifadəni özündə ehtiva edən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” uğurla icra edilir. Ümumilikdə dövlət başçısı İlham Əliyevin  ölkəmizin dayanıqlı inkişafının təmin edilməsinə yönələn addımları ardıcıllığı ilə diqqəti cəlb edir. Hər bir sənəd  yol xəritəsi olmaqla yanaşı,  mövcud imkanların təqdimatıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının, 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının uğurlu icrası əldə olunan nəticələrdən aydın görünür. Bölgələrin inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən Prezident İlham Əliyevin  regionlara davamlı səfərləri  bu sənədlərdən irəli gələn vəzifələrin uğurlu icrasını şərtləndirir.

Vüqar Rəhimzadə vurğulayıb ki, bu gün Azərbaycan yalnız neft-qaz deyil, qeyri-neft sektorunun inkişafı ilə də dünyanın diqqətindədir.  İqtisadi inkişaf Azərbaycanın dünyanın müxtəlif ölkələr ilə əməkdaşlıq əlaqələrinin günbəgün möhkəmlənməsini təmin edir. Bu günlərdə 56-cı Davos Dünya İqtisadi Forumunda dövlət başçısı İlham Əliyevin dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlərin say tərkibi bunu bir daha sübut edir. Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısı çərçivəsində keçirdiyi görüşlərlə bağlı sosial şəbəkə hesabında paylaşım etdi. Paylaşımda “Prezident İlham Əliyevin Ümumdünya İqtisadi Forumunun İllik toplantısı çərçivəsində görüşləri. Davos 19-22 yanvar 2026-cı il” sözləri yer aldı.

Milli Məclisin deputatı qeyd edib ki, bu gün dünyanın diqqətini Azərbaycana yönəldən, dövlətimizin beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirən tarixi sülh sazişi ölkəmizin əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişlənməsində əhəmiyyətli rol oynayacaq. Bu gün regionda dayanıqlı sülhün, inkişafın tərəfdarı olan və bunu real addımları ilə təsdiqləyən Azərbaycana beynəlxalq baxış yüksək səviyyədədir. Azərbaycanın iqtisadi, siyasi, diplomatik mərkəz kimi dünyanın diqqətində olması,  Prezident İlham Əliyevin qlobal çağırışlarla bağlı Azərbaycanın mövqeyini müxtəlif platformalardan beynəlxalq ictimaiyyətə çatdırması yeni dünya nizamının formalaşdığı hazırkı dövrdə ölkəmizin artan rolunun, söz sahibliyinin nümayişidir. Bugünkü reallıqlarımız Ümummilli Lider Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir” çağırışının təqdimatıdır.