29 yanvar 2026 22:15
103

Torpaqdan reyestrə: 2025-ci ilin mənzərəsi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxs tərəfindən 2025-ci il ərzində görülmüş işlərə dair mətbuat konfransı keçirilib.

Dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatlardan danışan DƏDKR PHŞ İdarə Heyətinin sədri Nigar Alimova bildirib ki, 2025-ci ildə də daşınmaz əmlakın qeydiyyatı sahəsində islahatlar müsbət nəticələrini verib. Daşınmaz əmlakın qeydiyyatı və kadastrı, ünvan reyestrinin aparılması, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin həyata keçirilməsi, həmçinin azad edilmiş ərazilərdə torpaqların elektron kadastr uçotu, yerquruluşu, torpaq tədqiqatları istiqamətində və digər tədbirlər davam etdirilib.

2025-ci ildə ölkə üzrə 364.136 daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb. Bu göstəricinin 70.596-sı (19,4%) ilkin, 293.540-ı (80,6%) isə təkrar qeydiyyata aid olub. Mülkiyyət hüquqlarının qeydiyyatı aparılan əmlakdan 186.595-i torpaq sahəsi, 92.888-i mənzil, 71.688-i fərdi yaşayış və bağ evi, 12.122-si qeyri-yaşayış obyekti, 728-i əmlak kompleksi tipli müəssisələr, 112-si çoxmərtəbəli yaşayış binaları, 3-ü isə çoxillik əkmələrə aid olub.

Ötən ildə 262.342 daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki sənədlər (pasport və plan və ölçü) tərtib edilib, 63.836 ipoteka müqaviləsi, 7.419 yüklülük (icarə, istifadə) dövlət qeydiyyatına alınıb, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara onların məhdudlaşdırılmasına (yüklülüyə) dair dövlət reyestrindən 285.104 arayış verilib.

Hesabat dövründə ölkə ərazisində və işğaldan azad edilmiş ərazilərdə dövlət torpaq kadastrı işləri, o cümlədən torpaqların elektron kadastr uçotu və ünvanların təyin edilməsi sahəsində işlər davam etdirilib.

2025-ci il ərzində 565 min hektar torpaqların yerquruluşu sahəsində elektron uçotu başa çatdırılıb və Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sisteminə (TEKUİS) inteqrasiya edilib.

Hesabat ilində torpaq kadastrının tərkib hissə olaraq 436 min hektar torpaq, 231 min hektar geobotaniki tədqiqatlar nəticəsində əldə edilmiş məlumatlar emal edilərək TEKUİS-ə daxil edilib, torpaq, şorlaşma və geobotaniki xəritələr tərtib edilərək onlara dair hesabatlar hazırlanıb.

Hesabat dövründə ölkənin şəhər, rayon mərkəzi və qəsəbələrində 311, kənd yaşayış məntəqələrində 3.299 nəqliyyat infrastrukturu obyektləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən adlandırılıb və Ünvan Reyestri İnformasiya Sisteminə (ÜRİS) daxil edilib. Ölkənin rayon və şəhərləri üzrə ümumilikdə ÜRİS-ə daxil edilmiş məlumatlardan 56.475 giriş, 71.366 daxili ünvan məlumatlarının keyfiyyəti yoxlanılaraq təsdiq edilib.

2025-ci ildə daşınmaz əmlakın qeydiyyatı sahəsində qanunvericilik bazası təkmilləşdirilib. Dövlət başçısının “Torpaq münasibətlərinin tənzimlənməsi ilə bağlı bəzi məsələlər haqqında” 2021-ci il 7 oktyabr tarixli Fərmanda dəyişiklik edilməsi barədə”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərmanları, həmçinin  “Azərbaycan Respublikasının bəzi məcəllə və qanunlarında dəyişiklik edilməsi ilə bağlı”, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, “Dövlət rüsumu haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanunlar mülkiyyət hüquqlarının rəsmiləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Sonda media subyektlərinin sualları cavablandırılıb.

Yaqut Ağaşahqızı, “İki sahil”