İkitərəfli və regional dəstək proqramları ilə yanaşı, innovativ maliyyə alətlərindən istifadə etməklə həyata keçiriləcək gələcək prioritet layihələr Aİ ilə Azərbaycan arasında iqtisadi əlaqələri daha da gücləndirəcək
Prezident İlham Əliyevin son illərdə nəqliyyat və logistika sahəsində həyata keçirdiyi sistemli siyasətin nəticəsidir ki, Azərbaycan təkcə regionun deyil, daha geniş coğrafiyanın mühüm nəqliyyat qovşaqlarından birinə çevrilmişdir. Bakı–Tbilisi–Qars dəmir yolunun istismara verilməsi, Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin formalaşdırılması, liman, avtomobil və dəmir yolu infrastrukturunun müasir standartlara uyğun yenilənməsi ölkənin tranzit imkanlarını misilsiz şəkildə genişləndirib.
Prezident İlham Əliyevin xüsusi diqqət yetirdiyi istiqamətlərdən biri isə Naxçıvan Muxtar Respublikasının davamlı nəqliyyat əlaqələrinin bərpası olmuşdur. Naxçıvanın kommunikasiya blokadasından çıxarılması və muxtar respublikanın ölkə ilə birbaşa və dayanıqlı bağlantısının qurulması dövlət başçısının strateji xəttində hər zaman prioritet yer tutub. Zəngəzur dəhlizinin reallaşdırılması, yeni nəqliyyat marşrutlarının formalaşdırılması və regionun tranzit xəritəsinə reinteqrasiyası üzrə aparılan ardıcıl işlər Naxçıvanın uzunmüddətli inkişafına xidmət edən tarixi addımlardır. Məhz bu siyasətin nəticəsi olaraq Naxçıvanda dəmir yolunun yenidən qurulmasına başlanması yalnız lokal infrastruktur layihəsi kimi deyil, dövlətin strateji nəqliyyat konsepsiyasının mühüm tərkib hissəsi kimi dəyərləndirilir.
Xəbər verildiyi kimi, Azərbaycan və Avropa İttifaqı (Aİ) Avropa Yenidənqurma və İnkişaf Bankı ilə birgə Naxçıvan dəmir yolu layihəsi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına başlamaq barədə razılığa gəliblər. Belə ki, bu, Avropa İttifaqı ilə Azərbaycan arasında Qlobal Dəhliz (Global Gateway) təşəbbüsü və bu yaxınlarda təqdim edilmiş Regionlararası Bağlantılar Proqramı çərçivəsində tərəfdaşlığın gücləndirilməsi barədə əldə edilən razılaşma əsasında mümkün olub. Razılaşmaya əsasən, tərəflər nəqliyyat, enerji və ticarət sahələrində davamlı və sabit əlaqələrin qurulması yolu ilə yeni iqtisadi imkanlar yaratmağı, uzunmüddətli ortaq rifahı, əməkdaşlığı və sülhü təşviq etməyi hədəfləyirlər. Bildirilib ki, Naxçıvan dəmir yolu layihəsi Azərbaycanda və daha geniş regionda mobilliyin və iqtisadi axınların yaxşılaşdırılması baxımından mühüm investisiya hesab olunur. Sözügedən dəmir yolu Avropa ilə Mərkəzi Asiyanı 15 günlük planlaşdırılmış tranzit müddəti çərçivəsində birləşdirməyi hədəfləyən daha geniş Beynəlxalq Trans-Xəzər Nəqliyyat Marşrutunun (Orta Dəhliz) tərkib hissəsidir.
Xatırladaq ki, ötən il Prezident İlham Əliyevin Kəlbəcərdə səsləndirdiyi “Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik” bəyanatı sadəcə bir infrastruktur layihəsi kimi deyil, həm də ölkənin regional strategiyasını, iqtisadi gələcəyini müəyyənləşdirən tarixi mesaj kimi öz təsdiqini tapmaqdadır. Naxçıvan Muxtar Respublikası uzun illər blokada şəraitində yaşadığından logistik imkanları məhdud olub. Malların daşınması əsasən hava və avtomobil yolu ilə həyata keçirilib ki, bu da həm zaman, həm də maliyyə baxımından çətinliklər yaradıb. Müasir dəmir yolu şəbəkəsinin qurulması ilə: Naxçıvanın iqtisadi izolyasiyası aradan qalxacaq, Muxtar respublika Azərbaycanın əsas iqtisadi məkanına daha sıx inteqrasiya olunacaq, istehsal olunan kənd təsərrüfatı və sənaye məhsullarının ixrac imkanları genişlənəcək. Beləliklə, Naxçıvan təkcə daxili bazarda deyil, regional bazarlarda da öz yerini möhkəmləndirəcək. Hazırda inşası davam edən Zəngilan istiqamətli dəmir yolu Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək. Bu, bir tərəfdən Naxçıvanın ərzaq və enerji təminatını asanlaşdıracaq, digər tərəfdən isə ölkənin tranzit-logistika imkanlarını gücləndirəcək. Prezidentin açıqlamasında diqqətçəkən mühüm məqam Ermənistanın da dəmir yolu tikintisi üzrə öhdəlik götürməsidir. Belə olarsa Ermənistan da iqtisadi izolyasiyadan çıxacaq. Azərbaycan isə regiondakı iqtisadi təsir gücünü daha da artıracaq. Həmçinin Naxçıvanda və digər bölgələrdə yeni iş yerləri açılacaq. Xüsusilə kənd təsərrüfatı və sənaye məhsullarının ixracı üçün Naxçıvan daha əlverişli mövqeyə sahib olacaq. Müasir dəmir yolu muxtar respublikanı ölkənin istehsal və ixrac zəncirinə inteqrasiya edəcək. Bu, xüsusilə ərzaq təhlükəsizliyi və logistik xərclərin azaldılması baxımından mühüm üstünlüklər yaradacaq.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasında dəmir yolu xəttinin layihələndirilməsi və tikinti işlərinə 2025-ci ildən başlanılıb. Layihə regionun nəqliyyat infrastrukturunun müasir tələblərə uyğun şəkildə yenilənməsini və dəmir yolu şəbəkəsinin funksionallığının artırılmasını hədəfləyir. Layihə çərçivəsində əsas dəmir yolu xətlərinin uzunluğu 194,1 kilometr, yan yollarla birlikdə isə 264 kilometr təşkil edir. Bu isə Naxçıvanın dəmir yolu xəritəsində əhəmiyyətli genişlənmə deməkdir. Tikinti işləri zamanı mövcud infrastrukturun yenilənməsi ilə yanaşı, yeni mühəndis qurğularının inşası da nəzərdə tutulur. Belə ki, layihə çərçivəsində 10 stansiyanın yenidən qurulması, 29 körpünün, 4 tunelin tikintisi planlaşdırılır. Ümumilikdə, isə 814 mühəndis qurğusunun inşası həyata keçiriləcək. Bu layihə Naxçıvan Muxtar Respublikasının nəqliyyat-logistika potensialının artırılmasına, yük və sərnişin daşımalarının təhlükəsiz və sürətli şəkildə həyata keçirilməsinə mühüm töhfə verəcək. Eyni zamanda, bölgənin ölkədaxili və beynəlxalq nəqliyyat əlaqələrinin güclənməsi baxımından da layihə strateji əhəmiyyət daşıyır.
Sevinc Azadi, “İki sahil”
WUF13 çərçivəsində keçiriləcək tərəfdaş tədbirlərinə qeydiyyat müddəti uzadılıb
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub