Qafqazda ilk ürək transplantasiyası əməliyyatının Azərbaycanda icra olunması uzun illər ərzində mərhələli şəkildə aparılan sistemli islahatların nəticəsidir.
“İki sahil” xəbər verir ki, bu fikirləri Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova Bakıda keçirilən “Qafqazda ilk ürək transplantasiyası: Azərbaycan səhiyyəsinin tarixi nailiyyəti və gələcək perspektivlər” mövzusunda elmi-praktiki dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, Koordinasiya Mərkəzinin yaradılması üçün ilk növbədə hüquqi baza formalaşdırılıb: “Bu istiqamətdə Milli Məclisin Səhiyyə Komitəsi və Səhiyyə Nazirliyi tərəfindən zəruri normativ sənədlər hazırlanıb və qəbul edilib”.
Yeganə Abbasovanın sözlərinə görə, 2022-ci ildə Vahid İnformasiya Bazası haqqında Əsasnamə təsdiq olunub və bundan sonra ölkədə orqan transplantasiyası sahəsində vahid rəqəmsal sistem yaradılmağa başlanılıb: “Bu sistemə reanimasiya şöbələrində süni tənəffüs aparatları olan bütün xəstəxanalar, transplantasiya əməliyyatları icra edən tibb müəssisələri və orqan transplantasiyasını gözləyən pasiyentlərin siyahıları daxil edilib”.
Koordinasiya Mərkəzinin sədri qeyd edib ki, həmin sistem vasitəsilə böyrək, qaraciyər, ürək, buynuz qişa və sümük iliyi transplantasiyasını gözləyən şəxslərin növbəliliyi şəffaf və mərkəzləşdirilmiş qaydada aparılır.