01 fevral 2026 15:31
75

Gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazmışlar

Bu gün Azərbaycan cəmiyyətinin böyük bir hissəsini təşkil edən gənclər ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayırlar

2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizin ictimai həyatında xüsusi rəmzi məna daşıyan, gənc nəslin potensialını, enerjisini və dövlət quruculuğundakı rolunu ön plana çıxaran əlamətdar gündür. Bu günün təsis olunması Ulu Öndər Heydər Əliyevin gənclərə strateji baxışının, gəncliyi Azərbaycanın sabahının əsas dayağı kimi görməsinin məntiqi nəticəsidir.

Məhz Ulu Öndərin 1 fevral 1997-ci il tarixli Sərəncamına əsasən fevralın 2-si Azərbaycan Gəncləri Günü elan olundu və həmin vaxtdan etibarən bu bayram Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlandı. Bu addım gənclər siyasətində Azərbaycanın qabaqlayıcı mövqeyini göstərdi. Xatırlatmaq kifayətdir ki, BMT Baş Məclisi yalnız 1999-cu il 17 dekabr tarixli qətnamə ilə 12 avqustu Beynəlxalq Gənclər Günü elan etmişdir — yəni, Azərbaycan bu istiqamətdə beynəlxalq gündəmdən daha öncə sistemli addım atmışdı.

Ulu Öndərin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra gənclərlə iş dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi. 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılması, gənclər siyasətinin institusional əsaslarının formalaşması baxımından mühüm mərhələ oldu. Ardınca Azərbaycan gənclərinin forumlarının keçirilməsi ənənəsi başladı.

Gənclərin bilik və bacarıqlarının inkişafına yönəlmiş tədbirlər də ardıcıl şəkildə genişləndirildi: istedadlı gənclərə dövlət qayğısını gücləndirmək məqsədilə “Qızıl kitab” və xüsusi təqaüd təsis edildi, təhsildə yüksək nəticə göstərən gənclərin stimullaşdırılması üçün “Prezident təqaüdü”, xaricdə təhsil ənənəsi inkişaf etdirildi. 1999-cu ildə dövlət gənclər siyasətinin icrasına dair tədbirlər planının təsdiqlənməsi və 2002-ci ildə “Gənclər siyasəti haqqında” Qanunun qəbul edilməsi isə bu siyasətin hüquqi çərçivəsini daha da möhkəmləndirdi.

Bu strateji xətt bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir çağırışlara uyğun şəkildə uğurla davam etdirilir. Dövlət başçımızın vurğuladığı kimi, “indiki gənclər üçün imkanlar daha genişdir” və bu imkanlardan düzgün istifadə gənclərin həm şəxsi inkişafı, həm də dövlətə maksimum fayda verməsi baxımından həlledicidir. 2007-ci ilin “Gənclər ili” elan olunması, Gənclər Fondunun yaradılması, “Gənclər üçün Prezident Mükafatı”, “Yüksəliş” müsabiqəsi, könüllülük hərəkatının genişlənməsi kimi təşəbbüslər gənclərin sosial fəallığını, liderlik və innovasiya potensialını daha da gücləndirdi.

Rəşadətli Azərbaycan Ordusunun sıralarında Vətən uğrunda mətanətlə vuruşan qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazmışlar. Onların göstərdiyi igidlik, əzmkarlıq və fədakarlıq sayəsində Azərbaycan dövləti tarixi ədaləti bərpa etmiş, ölkəmizin ərazi bütövlüyü təmin olunmuşdur. Otuz il davam edən işğala son qoyulmuş, xalqımız illərlə həsrətində olduğu doğma torpaqlarına qovuşmuşdur. Bu Şanlı Zəfər müasir Azərbaycan gəncliyinin Vətənə sədaqətinin, dövlətinə və xalqına bağlılığının parlaq təzahürüdür.

Vətən müharibəsi təkcə cəbhədə deyil, informasiya məkanında da aparılan mübarizə idi. Bu mübarizənin ön cəbhəsində isə Azərbaycan gəncliyi dayanırdı. Müharibə dövründə gənclərimiz sosial şəbəkələrdə son dərəcə fəal olmuş, ölkəmizə qarşı aparılan dezinformasiyalara operativ və əsaslandırılmış cavablar vermişlər. İnformasiya müharibəsində Azərbaycan gəncliyi yalnız daxili auditoriya ilə kifayətlənməmiş, dünya ictimaiyyətinə həqiqətlərin çatdırılmasında mühüm rol oynamışdır.

Bu prosesə təkcə ölkə daxilində yaşayan gənclər deyil, dünya azərbaycanlıları da könüllü şəkildə qoşulmuşdur. Birgə və koordinasiyalı fəaliyyət nəticəsində Azərbaycan informasiya məkanında üstünlük əldə etmiş, yayılan məlumatların həqiqiliyi və təsirliliyi təmin olunmuşdur. Əsasən gənclərdən ibarət sosial şəbəkə istifadəçiləri informasiya müharibəsində fəallıq göstərərək beynəlxalq ictimai rəyin formalaşmasına əhəmiyyətli töhfə vermişlər.

Bu gün Azərbaycan cəmiyyətinin böyük bir hissəsini təşkil edən gənclər ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynayırlar. Gənc nəslin təşəbbüsləri, yaradıcı enerjisi və əməyi dövlət həyatının bütün sahələrində aydın şəkildə görünməkdədir. Azərbaycan gəncləri azad, sabit və özünə güvənən bir ölkədə yaşayır və bu reallıq onların qarşısında geniş imkanlar açır.

Əziz gənclər, gənclik enerji deməkdir, yenilikçi, təşəbbüskar olmaq deməkdir, bu günün dəyərini bilərək, sabah üçün bilik və təcrübə toplamaq lazımdır. Sizlərə tükənməz enerji və uğurlar arzu edirəm!

Milli Məclisin deputatı Pərvanə Vəliyeva