02 fevral 2026 16:17
18

Ölkənin birinci bankı və birinci universiteti arasında memorandum imzalandı 

Ölkənin birinci bankı Kapital Bank və birinci universiteti Bakı Dövlət Universiteti (BDU) arasında əməkdaşlıq memorandumu imzalanıb. Bununla da Kapital Bank daha bir ali məktəblə strateji əməkdaşlığın əsasını qoyub.

“İki sahil” xəbər verir ki, imzalanma mərasimində Kapital Bankın İdarə Heyətinin üzvü, İdarə Heyəti sədrinin birinci müavini Cavid Mirzəyev və BDU rektoru Elçin Babayev iştirak edib. 

 Rektor Elçin Babayev bu əməkdaşlığın tələbələrin əmək bazarına peşəkar kadr olaraq hazırlanmasına müsbət təsir edəcəyini vurğulayıb: "Bizim fəaliyyətimizin prioritetlərindən biri də universitet və işəgötürənlər, həmçinin biznes strukturları ilə əlaqələrin gücləndirilməsidir. Kapital Bankla əməkdaşlığımız tələbələrimiz üçün uğurlu karyera yolunda yeni imkanlar açacaq. Burada təcrübə mübadiləsi, bankın peşəkar kadrları tərəfindən tələbələrə təlimlərin keçirilməsi, onların tədris prosesinə cəlb olunması kimi bir çox məqamlar yer alır. Nəticədə bütün bunlar tələbələrimizin rəqabətli əmək bazarında daha dayanıqlı mövqelərdə olmasına səbəb olacaq". 

Tədbirdə çıxış edən Cavid Mirzəyev isə bu əməkdaşlığı tarixi hadisə adlandırıb: "Ölkənin birinci bankı olaraq, qədim tarixə malik Bakı Dövlət Universiteti ilə əməkdaşlığımızı daha böyük müstəvidə rəsmiləşdirmək bizim üçün olduqca vacib hadisədir. Təhsilə dəstək Kapital Bankın sosial məsuliyyət layihələrinin ən vacib, starteji istiqamətlərindən biridir. Təcrübə göstərir ki, bu kimi əməkdaşlıqlar sayəsində tələbələrimiz praktiki biliklər əldə edir, gələcək karyeraları üçün vacib olan təcrübələri qazanır, eləcə də iş dünyasına daha hazırlıqlı şəkildə atılırlar. Biz isə peşəkar korporativ mühitə hazır olan gənclərlə əməkdaşlıq edə bilirik. Hazırda bankımızda 748 nəfər BDU məzunu çalışır. Onlardan 68-i isə rəhbər vəzifələrdə yer alır. Bu rəqəmlər BDU məzunlarının maliyyə sektorunda da kifayət qədər uğurlu kadrlar olduğunun göstəricisidir. Düşünürəm ki, BDU-nun təhsil metodikası Kapital Bankın təcrübəsi ilə birləşdikdə gənclərin inkişafı üçün daha geniş platforma yaranacaq". 

İmzalanma mərasimindən sonra Bakı Dövlət Universitetinin nəzdində müasir texnologiyalar və avadanlıqlarla təchiz edilmiş, müasir standartlara cavab verən "Kapital Bank otağı"nın açılış mərasimi keçirilib. Mərasimdə Kapital Bankın menecer heyətində yer alan və BDU məzunu olan bank əməkdaşları öz təəssüratlarını bölüşüb, birgə əməkdaşlığın faydalı olacağına əminliklərini bildiriblər. 

Qeyd olunmalıdır ki, hər zaman təhsilə dəstək layihələri ilə gündəmə gələn Kapital Bankın Azərbaycanın bir sıra aparıcı universitetlərində də "Kapital Bank otaqları” fəaliyyət göstərir. Bu otaqlarda tələbələrin peşəkar və şəxsi inkişafına müsbət təsir edən layihələr həyata keçirilir.