03 fevral 2026 12:16
197

Azərbaycan Gəncləri Günü regionlarda qeyd edilib

2 Fevral – Azərbaycan Gəncləri Günü ölkəmizin ictimai-siyasi həyatında mühüm yer tutur.

“İki sahil” xəbər verir ki, bu əlamətdar tarix Azərbaycan gəncliyinin formalaşması və inkişafında müstəsna xidmətləri olan gənclər siyasətinin müəllifi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilən gənclər siyasəti gənclərin intellektual və innovativ potensialını inkişaf etdirməyə şərait yaradır və eyni zamanda vətənpərvər gənclərin formalaşmasına xidmət edir.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsində Azərbaycan Gəncləri Günü müxtəlif fəaliyyətlərlə qeyd edilib. Tədbirlər gənclərin asudə vaxtının səmərəli təşkili, onların bilik və bacarıqlarının inkişafı məqsədilə maraqlı və müxtəlif formatlarda keçirilib.

Əlamətdar gün münasibətilə ilk olaraq region gəncləri Azərbaycan Gəncləri Gününün banisi Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, xatirəsini ehtiramla yad ediblər.

Regionlarda dövlət qurumlarının nümayəndələrinin və gənclərin fəal iştirakı ilə müxtəlif formatlarda tədbirlər həyata keçirilib. Bu tədbirlər çərçivəsində görüşlər, panel müzakirələri və interaktiv fəaliyyətlər təşkil edilib.

Bununla yanaşı, gənclər üçün intellektual yarışlar və inşa müsabiqələri keçirilib, qalib iştirakçılar diplom və hədiyyələrlə mükafatlandırılıb. Regional nümayəndəlik və bölmələrin fəaliyyətində fəallığı ilə seçilən gənclər də təltif olunub. Tədbirlər musiqili-əyləncəli konsert proqramları ilə davam etdirilib.

GİKM kollektivi Azərbaycan gənclərini bu əlamətdar gün münasibətilə təbrik edir, onlara daim yüksək enerji, uğurlar və davamlı inkişaf arzulayır.

Əziz gənclər, Azərbaycan Gəncləri Gününüz mübarək!