04 fevral 2026 19:15
120

Məqsəd fəaliyyətin sistemləşdirilməsi və idarəetmənin səmərəliliyini artırmaqdır

Azərbaycanda dövlət teatrlarının idarəetmə sistemində əsaslı islahatlara başlanılıb. Bu islahatlar çərçivəsində teatrların əsasnamələri, idarəetmə strukturları və ştat cədvəlləri yenilənərək müasir idarəetmə prinsiplərinə uyğunlaşdırılıb.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində qəbul edilən qərar müasir dövrdə funksional idarəetmə mexanizminin tələbindən irəli gəlir: “Dövlət teatrlarının həm əsasnaməsi, həm də struktur və ştat cədvəlləri yenidən işlənib. Məqsəd teatrların fəaliyyətinin sistemləşdirilməsi və idarəetmənin səmərəliliyinin artırılmasıdır”.

Müsahibimiz daha sonra qeyd etdi ki, yeni qəbul edilmiş “Azərbaycan Mədəniyyəti–2040” Konsepsiyasında teatr sənətinin inkişafı ilə bağlı mühüm strateji hədəflər müəyyən edilib: “Bu Konsepsiya ölkəmizin mədəni inkişaf tarixində mühüm tarixi, hüquqi və mədəni hadisə kimi qiymətləndirilməlidir. Belə ki, bu, teatr sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, Azərbaycan teatrının gələcək inkişafına, beynəlxalq mədəni mühitdə mövqeyinin gücləndirilməsinə xidmət edir. Baş rejissor, baş rəssam, bədii rəhbər və digər oxşar vəzifələr yeni struktura daxil edilməyib. Bu qərar qeyd olunan vəzifələrin formal mövcudluğundan yox, funksional effektivliyini əsas götürərək qəbul olunub”.

“Teatrda kollektiv məsuliyyət və aydın funksional bölgü mexanizmi formalaşmalıdır” fikri ilə söhbətini davam etdirən C. Zeynallı bildirdi ki, yeni qərara əsasən, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, o cümlədən digər dövlət teatrlarında funksional bölmələr yaradılıb: “Bu bölmələrin yaradılması teatrın həm yaradıcılıq, həm də təşkilati fəaliyyətinin daha effektiv idarə olunmasına xidmət edir. Mədəniyyət Nazirliyi tərəfindən tətbiq olunan bu yanaşma teatrların həm yaradıcılıq, həm də idarəetmə baxımından daha da inkişafına zəmin yaradacaq”.

Əməkdar artist, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kafedra müdiri, Azərbaycan Teatr Xadimləri İtifaqının sədr müavini, professor Azad Şükürov isə mövzu ilə əlaqədar belə dedi: “Şübhəsiz, nazirlik belə bir cəsarətli addımı atmazdan əvvəl teatrlarımızın idarə olunmasında kifayət qədər səlahiyyəti olan mütəxəssislərlə məsləhətləşmələr aparıb.  Təbii ki, həmin mütəxəssislər də, nazirliyin səlahiyyətliləri də Azərbaycan teatr sənəti qarşısında atdıqları bu tarixi əhəmiyyətli addımın məsuliyyətini yaxşı başa düşürlər. Kaş ki, sonu uğurla nəticələnsin”.

Yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi, professor Əli Əmirli dövri mətbuata açıqlamasında vurğulayıb ki, son illər Azərbaycan teatrında da yaradıcılıq sahəsində yeni forma və məzmun axtarışları və onların müsbət nəticələri özünü göstərməkdədir: “Bununla yanaşı, dövlət teatrlarının idarəetmə sisteminin təkmilləşdirilməsi istiqamətində müvafiq qərarların qəbul edilməsinə də böyük ehtiyac yaranmışdır. Həmin müzakirələrin iştirakçısı olduğum üçün əminliklə deyə bilərəm ki, yeni təsdiq edilmiş əsasnamələr teatrların fəaliyyətinin sistemləşdirilməsinə, idarəetmənin səmərəliliyinin artırılmasına və funksional vəzifələrin daha aydın şəkildə müəyyənləşməsinə xidmət edəcək”.

Qvami Məhəbbətoğlu, “İki sahil”