"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Misli Premyer Liqasının XXI turunda "Neftçi" ilə oyunun təxirə salınmamasında hansı problem görmədiyini söyləyib.
“İki sahil” xəbər verir ki, mütəxəssis bu barədə mətbuat konfransında açıqlama verib.
O, sosial şəbəkələrdə məsələnin müzakirə olunmasına toxunub: "Sosial şəbəkələrdə yoxam. Amma hər hadisəyə normal yanaşıram. Bu, kimisə haqlı və ya haqsız çıxarılası mövzu deyil. Peşəkar Futbol Liqasına (PFL) "Neftçi" ilə qarşılaşmanın təxirə salınması ilə bağlı müraciət etmişik. Həmin vaxt rəqib "Neftçi" və digər kollektiv də ola bilərdi. Hansısa fikir bildirmək istəmirəm. Biz niyə müraciət etdik? Çünki PFL-də belə reqlament var. Amma təxirə salınmadı. Burada ciddi problem görmürəm. Onların da öz proqramları və hazırlıq prosesləri var. Bunu başa düşürəm. Daha əvvəl təxirə salınan və ya vaxtı dəyişdirilən matçlar olub. Bu dəfə olmadı deyə kimdənsə küsmək fikrimiz yoxdur. Daha dərindən düşünürək oyunlara hazırlaşmalıyıq.
Q.Qurbanov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Şamaxı"ya uduzduqları (1:2) oyuna da toxunub:
"İlk növbədə azarkeşlərə təşəkkür edirəm. Belə hava şəraitində bizləri tək qoymadılar. Kubokda ilk matçımız idi. Bizim üçün ciddi nəticə oldu. Cavab qarşılaşmasına daha ciddi hazırlaşmalıyıq. Rəqibi təbrik edirəm. Layiqli qələbə qazandılar".
Qeyd edək ki, "Neftçi" klubu "Qarabağ"la çempionat görüşünün təxirə salınmasını istəməyib.