05 fevral 2026 20:09
104

Şeyx Zayed irsi və qlobal liderlik modeli

2026-cı il fevralın 4-də Prezident cənab İlham Əliyevin Əbu-Dabidə keçirilən “Zayed İnsan Qardaşlığı Mükafatı”nın təqdimolunma mərasimində çıxışı Azərbaycanın beynəlxalq sülh gündəliyində tutduğu mövqenin və artan qlobal nüfuzunun növbəti təsdiqi oldu. Bu mükafata layiq görülmək təkcə dövlət başçısına göstərilən ehtiram deyil, eyni zamanda Azərbaycanın sülh, dialoq və humanizm prinsiplərinə əsaslanan siyasətinə verilən yüksək beynəlxalq qiymətdir.

Cənab Prezident  çıxışında mükafatın adını daşıdığı Birləşmiş Ərəb Əmirliklərinin banisi, mərhum Şeyx Zayed bin Sultan Al Nəhyənin tarixi xidmətlərini xüsusi vurğulayaraq onun uzaqgörən liderliyinin BƏƏ-ni dünyanın ən inkişaf etmiş və firavan dövlətlərindən birinə çevirdiyini qeyd etdi. Bu yanaşma Azərbaycanın regionlararası əməkdaşlıqda liderlərin tarixi roluna verdiyi önəmin göstəricisidir. Dövlət başçısı Şeyx Məhəmməd bin Zayed Al Nəhyənin atasının siyasi kursunu uğurla davam etdirdiyini, BƏƏ-nin milli köklərə sadiq qalmaqla müasir və ahəngdar cəmiyyət modeli yaratdığını vurğuladı. Bu modelin sülh və inkişaf axtarışında olan ölkələr üçün nümunə xarakteri daşıdığı xüsusi qeyd edildi.

Çıxışın əsas siyasi ağırlıq mərkəzini Azərbaycan ilə Ermənistan arasında əldə olunmuş tarixi sülh təşkil etdi. Prezident cənab  İlham Əliyev dinlərarası dialoqun və sivilizasiyalararası yaxınlaşmanın təşviqində göstərilən səylərə görə Əl-Əzhərin böyük imamı Əhməd Əl-Tayyibə və Roma Papası Leoya təşəkkür edərək, bu dəstəyin regional sülh üçün mühüm əhəmiyyət daşıdığını vurğuladı. O bildirdi ki, Azərbaycan 30 ildən artıq davam edən müharibə dövründən sonra artıq altı aydır sülh şəraitində yaşayır və bu, müstəqillik tarixində yeni bir mərhələdir. Xüsusi vurğulanan məqamlardan biri də ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Vaşinqtonda keçirilmiş tarixi Zirvə Görüşü oldu. Cənab Prezident həmin görüşdən sonrakı altı ayı tərəfdaşlıq, əməkdaşlıq və dayanıqlı sülhə doğru real irəliləyiş dövrü kimi xarakterizə etdi. 2025-ci il avqustun 8-də baş tutmuş üçtərəfli Zirvə Görüşü nəticəsində sülh sazişinin paraflanması və Birgə Bəyannamənin imzalanması ilə üç onillik davam edən münaqişəyə son qoyulduğu xüsusi qeyd olundu. Postmünaqişə dövründə atılan praktiki addımlar isə sülhün real məzmunla doldurulduğunu nümayiş etdirir. Azərbaycan tərəfindən Ermənistanla yük daşımalarına qoyulan məhdudiyyətlərin aradan qaldırılması, neft məhsullarının ixracına başlanması və ticarət əlaqələrinin genişləndirilməsi regionda etimadın bərpasına yönəlmiş strateji qərarlardır. Prezidentin ermənistanlı həmkarı ilə Əbu-Dabidə keçirilən görüşü gələcək əməkdaşlıq gündəliyinin formalaşdığını göstərir. Prezident cənab  İlham Əliyevin çıxışında səsləndirdiyi əsas mesaj aydın idi: uzunmüddətli münaqişələrə, əzablara və qarşılıqlı etimadsızlığa baxmayaraq, sülh mümkündür. Bunun üçün əsas şərt güclü siyasi iradə və beynəlxalq ictimaiyyətin konstruktiv dəstəyidir. Azərbaycanın təcrübəsi bu baxımdan hələ də müharibə şəraitində olan ölkələr üçün real yol xəritəsi kimi çıxış edə bilər.

Əbu-Dabidə keçirilən mərasimin simvolik mahiyyəti də xüsusi vurğulandı. Məhz bu şəhərdə Vaşinqton Sammitindən bir ay əvvəl Azərbaycan və Ermənistan arasında son danışıqlar raundunun keçirilməsi və Şeyx Məhəmmədin dəstəyi ilə əldə olunan razılaşmanın sonradan Vaşinqtonda rəsmiləşdirilməsi sülh prosesinin ardıcıl və düşünülmüş diplomatik xətt üzrə aparıldığını göstərir. “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Prezident cənab  İlham Əliyevə təqdim edilməsi Azərbaycanın təkcə regional deyil, qlobal sülh və humanitar dəyərlər sistemində aparıcı aktor kimi mövqeyini möhkəmləndirir. Bu çıxış bir daha sübut etdi ki, Azərbaycan XXI əsrin beynəlxalq münasibətlər sistemində sülh yaradan, dialoq təşviq edən və əməkdaşlığa açıq dövlət modelini uğurla nümayiş etdirir.

Mehriban Vəliyeva,
Milli Məclisin deputatı