Macarıstanın MOL neft-qaz şirkəti Kunsaq neft emalı zavodunda yeni obyektin istismara verilməsi istiqamətində mühüm mərhələyə qədəm qoyub.
“İki sahil” xəbər verir ki, şirkət yeni kokslaşdırma qurğusunun və ona aid infrastrukturun tikintisini başa çatdırdıqdan, “soyuq” sınaqları yekunlaşdırdıqdan sonra “isti rejimli” sınaq mərhələsinə start verib. Bu mərhələ obyektin rəsmi istismara verilməsindən əvvəl son texniki yoxlama fazası hesab olunur.
Məlumata görə, isti sınaqlar zamanı sistemə mərhələli şəkildə texnoloji mühitlər daxil edilir. İlk olaraq buxar, su və yanacaq qazı kimi köməkçi vasitələr, daha sonra isə neft məhsulları ciddi təhlükəsizlik, təzyiq və temperatur nəzarəti altında tətbiq olunur. Bir neçə həftə davam edəcək bu mərhələdə avadanlıqların işləkliyi, avtomatlaşdırma və təhlükəsizlik sistemlərinin etibarlılığı real istehsal şəraitində yoxlanılır.
Təxminən 700 milyon avro dəyərində olan layihə MOL tarixində ən böyük tək investisiya və Macarıstanın ən əhəmiyyətli sənaye layihələrindəndirdir. Modernləşmə nəticəsində Kunsaq neft emalı kompleksi regionun ən müasir zavodlarından birinə çevriləcək, enerji səmərəliliyi artacaq və yüksək əlavə dəyərli məhsulların payı yüksələcək.
Yeni qurğunun işə düşməsi dizel yanacağı istehsalını 30 faiz artıracaq, idxal ehtiyacını azaldacaq və ölkənin enerji təhlükəsizliyini gücləndirəcək.