07 fevral 2026 12:41
151

45 min manatdan çox vəsaitin işçilərə ödənilməsi təmin olunub

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti bu ilin yanvar ayında işəgötürənlər tərəfindən sosial xarakterli ödənişlər olan 45 min manatdan çox vəsaitin işçilərə ödənilməsinin gecikdirildiyini müəyyən edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən “İki sahil”ə verilən məlumata görə, görülən tədbirlər nəticəsində əməkhaqlarından ibarət həmin vəsait işəgötürənlər tərəfindən işçilərə ödənilib.

Müraciətlərin araşdırılması zamanı Dövlət Əmək Müfəttişliyi Xidməti 8 işçinin əmək müqavilələrinə qanunvericiliyin tələbləri pozulmaqla xitam verildiyini də müəyyən edib.

Xidmətin qanunvericiliyə əsasən gördüyü tədbirlər nəticəsində həmin işçilər yenidən əvvəlki işlərinə bərpa olunublar.