07 fevral 2026 18:15
101

Media: ABŞ-ın Tayvana silah satışı Donald Trampın Çinə səfərini qeyri-müəyyən edir

ABŞ Prezidenti Donald Trampın Çinə apreldə nəzərdə tutulan səfəri Tayvana 20 milyard dollarlıq yeni silah satışı ilə bağlı qeyri-müəyyənliklə üzləşə bilər.

“İki sahil” xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb. Qeyd olunur ki, ABŞ-ın Tayvana yeni silah satışı Çin tərəfinin narazılığına səbəb olub və Prezident Donald Trampın aprel ayında Çinə planlaşdırılan səfəri təhlükə altında qala bilər.

Agentlik yazır ki, silah satışı ötən ilin dekabrında elan edilən 11 milyard dollarlıq müqaviləyə əlavə olacaq. Silahlara “Patriot” və “NASAMS” raketləri, dron və artilleriya sistemləri daxil olacaq. Bu, Tayvan üçün indiyə qədər ən böyük satınalmalardan biri olacaq.

Hələlik ABŞ Müdafiə Nazirliyi, Dövlət Departamenti və Ağ Ev məsələ ilə bağlı sorğulara cavab verməyib.

Qeyd edək ki, fevralın 4-də Çin Xalq Respublikasının Sədri Si Cinpinin ABŞ Prezidenti Donald Tramp ilə telefon danışığı olub. Çinlə ticarət, nadir torpaq elementləri, Tayvan və digər məsələlərlə bağlı fikir ayrılıqlarını aradan qaldırmağa çalışan Donald Tramp aprel ayında Çinə səfər edəcəyini bildirib. Telefon danışığı zamanı Si Cinpin bildirib ki, ABŞ Tayvana silah satışı məsələsinə ehtiyatla yanaşmalıdır.