07 fevral 2026 18:50
121

Qəzza üzrə Sülh Şurası iclasının mümkün tarixi açıqlandı

ABŞ Qəzza sektoru üzrə Sülh Şurası liderlərinin görüşünü fevralın 19-da Vaşinqtonda keçirməyi planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən yazıb.

Nəşrdə bildirilib ki, ABŞ rəsmisinin və Qəzza üzrə Sülh Şurasına daxil olan dörd ölkənin diplomatlarının sözlərinə görə, Ağ Ev şura liderlərinin görüşünü fevralın 19-da keçirməyi nəzərdə tutur.

Portalın məlumatına əsasən, görüş ABŞ Sülh İnstitutunda (USIP) baş tuta bilər. Sözügedən institut daha əvvəl ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılıb. İlk görüşdən bir gün əvvəl Donald Tramp ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında danışıqların aparılması gözlənilir.

Qeyd olunur ki, təşkilat ilkin olaraq “Qəzza üzrə Sülh Şurası” adlansa da, sonradan yeni beynəlxalq qurumun səlahiyyətlərinin Fələstin anklavının hüdudlarından kənara çıxacağı məlum olub.

Yanvarın 16-da ABŞ Prezidenti Donald Tramp Sülh Şurası adlı beynəlxalq təşkilatın yaradılması barədə qərar verdiyini elan edib və Azərbaycan Respublikasını bu təşkilatın təsisçi dövləti olmağa dəvət edib.

Xatırladaq ki, yanvarın 22-də Davosda “Sülh Şurasının Nizamnaməsi”nin (Board of Peace Charter) imzalanması mərasimi keçirilib. Tədbirdə iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və digər dövlət və hökumət başçıları “Sülh Şurasının Nizamnaməsi” sənədini imzalayıblar.