08 fevral 2026 15:19
110

Bəşər Əsəd devrilməzdən qabaq videooyunlara mübtəla olubmuş

Suriyanın keçmiş prezidenti Bəşər Əsəd rejimin süqutundan əvvəlki bir neçə il ərzində kənarlaşdırılmış və videooyunlara qapılmış vəziyyətdə imiş.

“İki sahil” xəbər verir ki, bu barədə "The Atlantic" jurnalı Dəməşqdəki keçmiş dövlət başçısının saray əməkdaşlarına istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Yaxın Şərqdə heç bir ölkə Suriyada hakimiyyət dəyişikliyi istəmirdi. Buna görə də, həmin dövlətlər Əsədə kömək təklif etsələr də, o imtina edib. Bir sıra ölkələrin xarici işlər nazirləri keçmiş suriyalı liderə istefasından bir neçə gün əvvəl zəng etməyə çalışıb, lakin o cavab verməyib.

Materialda qeyd olunur ki, Suriyanın bir çox sakini Əsədin xaricə qaçmasını xəyanət kimi qiymətləndirir.

"Bu gün belə Müəmmər Qəddafiyə inanan insanları tapmaq olar, bəziləri Səddam Hüseynə inanır. İndi isə heç kim Bəşər Əsədə inanmır, hətta onun öz qardaşı belə", - jurnalist İbrahim Həmidi bildirib.