08 fevral 2026 15:57
112

“Exit-poll”: Liberal Demokrat Partiyası parlamentdə üstünlüyü təmin edib

NHK televiziya kanalının keçirdiyi “exit-poll” sorğusunun nəticələrinə əsasən Yaponiyada növbədənkənar parlament seçkisində Baş nazir Sanae Takaiçinin rəhbərlik etdiyi Liberal Demokrat Partiyasının (LDP) koalisiyası Nümayəndələr Palatasında üstünlüyü təmin edib.

“İki sahil” xəbər verir ki, növbədənkənar seçkilərlə əlaqədar səsvermə prosesi yerli vaxtla saat 20:00-da başa çatıb. Hazırda səslərin sayılması prosesi gedir.

Qeyd edək ki, fevralın 8-də Yaponiyada növbədənkənar parlament seçkisi keçirilib. Parlamentin aşağı palatasına seçilmək üçün 1284 namizəd 465 yer uğrunda mübarizə aparıb. Nümayəndələr Palatasındakı 465 yerdən 289-u majoritar, 176-sı isə proporsional qaydada seçilməlidir. Hakim LDP seçkiyə Yaponiya İnnovasiya Partiyası ilə koalisiya ilə gedib. Parlamentdə çoxluq qazanmaq üçün ən azı 233 yerə sahib olmaq lazımdır. Təxminən 70 il Yaponiyada hakimiyyətdə olan LDP bu seçkidə həm də daha güclü müxalifətlə mübarizə aparıb. Partiyanın 26 illik koalisiya ortağı olan Komeito partiyası ötən ilin oktyabrından müxalif Konstitusiya Demokrat Partiyası ilə parlamentdə əsas müxalifət blokunu yaradıb.

Qeyd edək ki, yanvarın 23-də Baş nazir Sanae Takaiçi parlamentin aşağı palatasının buraxılması və növbədənkənar seçkilərin fevralın 8-nə təyin olunması planı təsdiqləyib. Aşağı palataya son seçki 2024-cü ilin oktyabrında keçirilib.