08 fevral 2026 17:35
113

Pezeşkian: İran-ABŞ danışıqları irəliyə doğru addımdır

"Regiondakı dost ölkələrin təşəbbüsü ilə keçirilən İran-ABŞ danışıqları irəliyə doğru bir addım idi. Fikir ayrılıqlarının sülh yolu ilə həlli üçün əsas strategiyamız həmişə dialoq olub".

İki sahil” yazır ki, bu fikirləri İran Prezidenti Məsud Pezeşkian cümə günü Omanda ABŞ ilə dolayı danışıqları qiymətləndirərkən bildirib.

O, sosial media hesabında qeyd edib: "Nüvə məsələsinə yanaşmamız Nüvə Silahlarının Yayılmaması Müqaviləsində (NPT) açıq şəkildə tanınan hüquqlara əsaslanır. İran xalqı həmişə hörmətə hörmətlə cavab verib, lakin heç vaxt zorakılıq dilini qəbul etməyəcək".

Qeyd edək ki, Cümə günü Omanın vasitəçiliyi ilə Məskatda İranın nüvə proqramı ilə bağlı İran və ABŞ arasında dolayı danışıqlar keçirilib. İran nümayəndə heyətinə xarici işlər naziri Abbas Əraqçı, ABŞ nümayəndə heyətinə isə Prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi elçisi Stiv Vitkoff rəhbərlik edib. ABŞ nümayəndə heyətinin tərkibində Trampın kürəkəni və keçmiş baş müşaviri Cared Kuşner və ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuper də təmsil olunub. Tərəflərin birbaşa görüşmədiyi danışıqlarda Omanın xarici işlər naziri Bədr əl-Busaidi iki nümayəndə heyəti arasında mesaj mübadiləsini asanlaşdırıb. Danışıqlardan sonra Əraqçı danışıqların yalnız nüvə məsələsi ilə məhdudlaşdığını vurğulayaraq, əlaqələrin "yaxşı başlanğıc" olduğunu bildirib.

Məhərrəm Ağalaroğlu, “İki sahil”