09 fevral 2026 11:53
114

Elxan Məmmədov: "Azərbaycan millisinin "Böyük Dəbilqə"də ikinci olması uğurlu nəticədir"

Kişi cüdoçulardan ibarət Azərbaycan millisinin Fransanın paytaxtı Parisdə keçirilmiş "Böyük Dəbilqə"nin medal sıralamasında ikinci yeri tutması uğurlu nəticədir.

“İki sahil” xəbər verir ki, bu barədə yığmanın böyük məşqçisi Elxan Məmmədov açıqlama verib.

Mütəxəssis yarışla bağlı fikirlərini bölüşüb:

"Parisdəki "Böyük Dəbilqə" turniri kiçik dünya çempionatı sayılır. Çünki burada ölkələrin aparıcı cüdoçuları çıxış edirlər. Çoxları Avropa və dünya çempionatları üçün məhz bu yarışlardan seçim edirlər. Azərbaycan millisi 1 qızıl, 1 gümüş, 1 bürünc medalla kişilərin mübarizəsində medal sıralamasında Yaponiyadan sonra ikinci pillədə qərarlaşdı. Bu, uğurlu nəticədir".

E.Məmmədov olimpiya çempionları - Hidayət Heydərov (73 kq) ilə Zelim Kotsoyevin (100 kq) və yığmanın digər aparıcı üzvü Elcan Hacıyevin (90 kq) bu turnirə qatılmadığını xatırladıb:

"Buna baxmayaraq, millimiz çox gözəl çıxış etdi. Parisdəki "Böyük Dəbilqə"də ikinci olduq. Bu münasibətlə Azərbaycan Cüdo Federasiyasını, idmansevərləri təbrik edirəm. Həqiqətən böyük uğurdur. Millinin bu yerdə qərarlaşması onu göstərir ki, komanda güclü heyətə malikdir, liderlər olmasa belə, hər yarışda uğurlu çıxışla yadda qalır. Özbəkistanda təşkil olunacaq "Böyük Dəbilqə" turnirinə qatılacağıq. Bu turnirdə də uğurlu çıxış edəcəyimizi gözləyirik. Bakıda keçiriləcək dünya çempionatına da yaxşı hazırlaşırıq. Ümid edirəm ki, burada da yaxşı nəticələrə nail olacağıq".

Qeyd edək ki, "Böyük Dəbilqə"də Balabəy Ağayev (60 kq) qızıl, Zelim Tçkayev (81 kq) gümüş, Ruslan Paşayev (66 kq) bürünc medala sahib çıxıb.