Rusiya ABŞ-ın təzyiqləri ilə üzləşən Kubaya mümkün yardım məsələsini ölkə rəhbərliyi ilə müzakirə edir.
“İki sahil” "Kommersant"a istinadla xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, ABŞ tərəfindən tətbiq edilən sərt təzyiq mexanizmləri Kuba üçün ciddi çətinliklər yaradır.
“Doğrudan da, ABŞ tərəfindən tətbiq edilən, necə deyərlər, "boğucu üsullar" ölkə üçün çoxlu problemlər yaradır. Biz kubalı dostlarımızla bu problemlərin mümkün həlli yollarını, heç olmasa, müəyyən dərəcədə yardım göstərilməsi imkanlarını müzakirə edirik”, — deyə Kremlin sözçüsü vurğulayıb.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 30 yanvar tarixində Kubadan qaynaqlanan təhdidləri əsas gətirərək fövqəladə vəziyyət elan edib və adaya neft tədarük edən ölkələrdən idxal olunan məhsullara əlavə gömrük rüsumlarının tətbiqi ilə bağlı sərəncam imzalayıb.