10 fevral 2026 01:30
89

AP Ukrayna ilə bağlı sürətləndirilmiş səsvermə keçirəcək

Avropa Parlamenti fevralın 11-də Ukraynaya 2026-2027-ci illər üzrə hərbi və büdcə xərclərinin maliyyələşdirilməsi üçün 90 milyard avro məbləğində kreditin ayrılmasına dair səsvermə keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəsmi nümayəndəsi Delfin Kolar Strasburqda keçirilən mətbuat konfransında bildirib.

"Parlament, ehtimal ki, çərşənbə günü Ukraynaya 90 milyard avro məbləğində kreditin verilməsi və yardım mexanizmi məsələsini səsə qoyacaq. Həmin məsələ ilə bağlı yanvar ayında parlament artıq təxirəsalınmaz prosedurun tətbiqi barədə qərar qəbul edib", - deyə o bəyan edib.

Onun sözlərinə görə, deputatlar həmin gün Aİ-nin çoxillik büdcəsinə müvafiq düzəlişin edilməsinə də səs verəcəklər. "Siyasi qruplar arasında bu məsələ ilə bağlı razılıq əldə olunub", - Kolar bildirib.

O həmçinin qeyd edib ki, fevralın 24-də Avropa Parlamentində Rusiyanın Ukraynaya tammiqyaslı müdaxiləsinin 4-cü ildönümünə həsr olunmuş növbədənkənar plenar iclas keçiriləcək. "Bu, Avropa Parlamentinin ədalətli və davamlı sülhə sarsılmaz sadiqliyini bir daha təsdiqləmək, həmçinin Ukraynaya göstərdiyimiz konkret dəstəyi vurğulamaq üçün növbəti imkan olacaq", - deyə o əlavə edib.