Bu günlərdə ölkəmizin xarici siyasətində tarixi günlərdən birini yaşayırıq. Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti cənab Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri Bakı ilə Vaşinqton arasındakı münasibətlərin artıq keyfiyyətcə yeni, strateji tərəfdaşlıq mərhələsinə keçdiyinin ən bariz göstəricisidir. Bu səfər, hər şeydən əvvəl, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bölgədə yaratdığı yeni geosiyasi reallıqların dünyanın ən böyük güc mərkəzi tərəfindən tam və qəti şəkildə qəbul edilməsi deməkdir. Cənab Vensin Bakı səfəri göstərir ki, ABŞ Azərbaycanı Cənubi Qafqazın sadəcə lider dövləti deyil, həm də qlobal iqtisadi və enerji təhlükəsizliyinin əsas təminatçılarından biri kimi görür.
Məlumdur ki, Azərbaycan və ABŞ arasında enerji təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və regional nəqliyyat dəhlizlərinin inkişafı sahəsində uzunmüddətli və səmərəli əməkdaşlıq mövcuddur. Hesab edirəm ki, cənab Vensin Bakı səfəri çərçivəsində aparılacaq müzakirələr bu istiqamətdə əlaqələrimizi daha da gücləndirəcək. Digər tərəfdən Cənubi Qafqazda davamlı sülhün bərqərar olması və Ermənistanla münasibətlərin normallaşması prosesində ABŞ-ın balanslı və ədalətli mövqeyi mühümdür. Cənab Vensin səfəri bu prosesdə konstruktiv rol oynaya bilər. Bununla da ABŞ nümayəndəsinin Bakı səfəri regionda kənar güclərin təsir dairəsini tarazlaşdırır. Bu isə Azərbaycanın 44 günlük müharibədən sonra yaratdığı yeni reallıqların Vaşinqton tərəfindən tam qəbul edildiyini və Ermənistanla davamlı sülh sazişinin imzalanması prosesinə ən böyük siyasi dəstək olduğunu göstərir.
Ceyms Devid Vens müasir Amerika siyasətinin ən təsirli simalarından biridir. Onun ölkəmizlə tanışlığı, birbaşa dialoq və qarşılıqlı etimadın güclənməsi gələcək illərdə strateji tərəfdaşlığımızın daha konkret nəticələr verməsinə xidmət etməklə bərabər Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki çəkisini və “mərkəzi aktor” rolunu daha da möhkəmləndirəcək. Bu, müstəqil xarici siyasətimizin və milli maraqlara söykənən diplomatik kursumuzun növbəti böyük qələbəsidir.
Anar MƏMMƏDOV, Milli Məclisin deputatı