10 fevral 2026 16:36
118

 Məcnun Məmmədov ABŞ Ticarət Palatasının Azərbaycana biznes missiyası çərçivəsində keçirilən dəyirmi masada iştirak edib

ABŞ-ın Ticarət Palatasının Azərbaycana biznes missiyası çərçivəsində kənd təsərrüfatı naziri Məcnun Məmmədovun iştirakı ilə dəyirmi masa keçirilib. Dəyirmi masada kənd təsərrüfatı, əlverişli biznes mühiti, aqrar sektora investisiya imkanları, dövlət dəstəyi mexanizmləri, kənd təsərrüfatının əsas istiqamətləri və digər mövzularda əməkdaşlıq məsələləri müzakirə olunub.

“İki sahil” xəbər verir ki, nazir Məcnun Məmmədov Azərbaycan və ABŞ-ın aqrar sahədə əməkdaşlıq münasibətlərinin strateji əhəmiyyətini vurğulayaraq bildirib ki, dövlət başçılarının siyasi iradəsi sayəsində iki ölkə arasında Azərbaycan-ABŞ münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Bu isə müxtəlif sahələrdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar yaradır. Dəyirmi masa iştirakçılarına kənd təsərrüfatında dinamik inkişaf tempi, əsas inkişaf istiqamətləri və prioritetlər, dövlət dəstəyi mexanizmləri, həyata keçirilən dövlət proqramları, aqrar sahədə rəqəmsallaşma səviyyəsi, süni intellektin tətbiqi barədə geniş məlumat verən nazir elmi tədqiqatlar, aqrar təhsil, bitkiçilik, heyvandarlıq, balıqçılıq və akvakultura, innovativ texnologiyaların tətbiqi və digər sahələrdə əməkdaşlıq perspektivlərinin olduğunu deyib.

Görüşdə iştirak edən ABŞ şirkətlərinin nümayəndələri Azərbaycanda makroiqtisadi sabitlik və əlverişli investisiya mühitinin olduğunu xüsusi vurğulayaraq, ölkəmizdə biznes və sərmayə üçün gözəl imkanlar yaradıldığını bildiriblər. Qeyd olunub ki, ABŞ Azərbaycanla bütün istiqamətlərdə olduğu kimi, kənd təsərrüfatı sahəsində də əməkdaşlığı inkişaf etdirmək niyyətindədir və keçirilən müzakirələr bu əməkdaşlıq üçün geniş imkanların olduğunu göstərir.

Dəyirmi masada aparılan müzakirələr zamanı aqrar sektorun inkişafında müasir innovasiyaların rolu, texnologiya transferi, startap ekosisteminin genişləndirilməsi, süni intellektin uğurla tətbiqi perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, gerçəkləşdirilməkdə olan layihələr barədə məlumatlar verilib, ABŞ şirkətlərini maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, ABŞ Ticarət Palatasının Azərbaycana biznes missiyasının tərkibinə Palatanın Yaxın Şərq, Mərkəzi Asiya və Türkiyə üzrə vitse-prezidenti Cennifer Miel, həmçinin “Apple”, “Ardea Energy Technologies Inc.”, “Ericsson AB”, “ExxonMobil”, “Herbalife”, “Illumina”, “Meta”, “Visa”, “Wabtec”, “Baker Hughes”, “BP”, “Boeing Global”, “Honeywell”, “J.P. Morgan”, “Lummus Technology”, “Marriott”, “Mastercard”, “Shell International”, “Azerbaijan Coca-Cola Bottlers” MMC və “Motorola Solutions” şirkətlərinin rəhbər şəxsləri daxildir.