Şimali Atlantika Alyansı (NATO) üç əsas regional qərargah üzrə komandanlığın ABŞ-dan Avropa ölkələrinə ötürülməsi barədə qərar qəbul edib.
“İki sahil” xəbər verir ki, bu barədə alyansın yaydığı rəsmi açıqlamada bildirilir.
Məlumata görə, fevralın 6-da NATO üzvü olan ölkələr məsuliyyətlərin yeni bölgüsünü nəzərdə tutan struktur üzərində razılığa gəliblər.
Yeni qərara əsasən, Böyük Britaniya Şimali Atlantikada əməliyyatlara cavabdeh olan Norfolkdakı komandanlığa rəhbərlik edəcək.
İtaliya Aralıq dənizi regionuna nəzarət edən Neapoldakı NATO qərargahının rəhbərliyini öz üzərinə götürəcək.
Şərqi Avropanı əhatə edən və Brünssümdə yerləşən komandanlıq isə Polşa və Almaniya tərəfindən rotasiya prinsipi əsasında idarə olunacaq.
Alyansın sənədində qeyd olunur ki, bu razılaşma NATO daxilində məsuliyyətin daha ədalətli şəkildə bölüşdürülməsinə keçidin bir hissəsidir. Sənədə əsasən, Avropa müttəfiqləri alyansın komanda strukturunda daha mühüm liderlik rolunu üzərlərinə götürür, eyni zamanda bu addım ABŞ-ın NATO çərçivəsində komandanlıq və nəzarətə sadiqliyini açıq şəkildə nümayiş etdirir.
Qeyd edək ki, bundan əvvəl Avropa İttifaqının xarici siyasət üzrə ali nümayəndəsi Kaya Kallas NATO-nun daha çox Avropa yönümlü təşkilata çevrilməsinin vacibliyini vurğulamışdı.