10 fevral 2026 19:45
134

Orqan donorluğu: İMKANLAR, ÇƏTİNLİKLƏR VƏ GƏLƏCƏK HƏDƏFLƏR - MÜSAHİBƏ

Yeganə Abbasova: Bir insan ölümdən sonra səkkiz insana həyat bəxş edə bilər

Müasir tibb elminin insan həyatının xilasında mühüm rol oynayan istiqamətlərindən biri orqan transplantasiyasıdır. Bu sahə minlərlə xəstə üçün yalnız tibbi prosedur deyil, eyni zamanda, yeni bir həyat şansı deməkdir. Dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da orqan donorluğu və transplantasiya sahəsində həyata keçirilən ardıcıl islahatlar, hüquqi bazanın təkmilləşdirilməsi və müasir tibbi texnologiyaların tətbiqi xidmətlərin keyfiyyətini və əlçatanlığını əhəmiyyətli dərəcədə artırıb. Orqan donorluğu humanizm, sosial məsuliyyət və cəmiyyət həmrəyliyinin ən ali nümunələrindən biri kimi dəyərləndirilir.

Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi İdarə Heyətinin sədri, anestezioloq-reanimatoloq, tibb üzrə fəlsəfə doktoru Yeganə Abbasova “İki sahil”ə müsahibəsində mövzu ilə bağlı bir sıra mühüm məqamları diqqətə çatdırdı, orqan donorluğunun cəmiyyət üçün əhəmiyyətini və bu sahədə görülən işlərin insan həyatının xilasında oynadığı rolu xüsusi vurğuladı.

-2025-ci ildə donorların sayı və transplantasiya əməliyyatlarının statistikasında hansı artımlar müşahidə olunur?

-Ölkəmizdə son dövrlərdə ölümündən sonra könüllü donor olmağa razılıq verən şəxslərin sayı əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, transplantasiya əməliyyatlarının da sayı xeyli çoxalıb. Bu artım həm vətəndaşların orqan donorluğuna olan marağının və məlumatlılığının yüksəlməsi, həm də transplantasiya sahəsində həyata keçirilən ardıcıl maarifləndirmə tədbirləri və müasir texnologiyaların tətbiqi ilə bağlıdır.

-Sizcə, dünya təcrübəsi ilə müqayisədə, ölkəmizin transplantasiya sahəsində üstünlükləri, çətinlikləri, qarşıya çıxan əsas problemlər hansılardır?

-Transplantasiya sahəsində ölkəmiz qısa zamanda real və müsbət addımlar atıb, konkret nəticələr əldə edib. 2022-ci ildə Səhiyyə Nazirliyinin tabeliyində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin yaradılması ilə ölkəmizdə bu sahə üzrə vahid idarəetmə və nəzarət mexanizmi formalaşdırılıb. Mərkəzin fəaliyyəti çərçivəsində müvafiq hüquqi baza təsis olunub, bütün prosedurların şəffaf və qanunvericiliyə uyğun aparılması üçün hüquqi sənədləşmə sistemi qurulub. Bu sənədləşmə mexanizmi orqan donorluğu prosesində hər hansı alqı-satqı, maddi maraq və ya sui-istifadə hallarını tamamilə istisna edir. Beləliklə, həm donorların, həm də resipiyentlərin hüquqları qorunur, orqan köçürülməsi yalnız könüllülük, tibbi uyğunluq və etik prinsiplər əsasında həyata keçirilir.

Nəticə olaraq,  deyə bilərik ki, Azərbaycanda transplantasiya sahəsi möhkəm təməl üzərində qurulub.  Ölkəmizin bu sahədə əsas üstünlüklərindən biri yaxşı formalaşmış qanunvericilik bazasıdır. Bu addımlar transplantasiya proseslərinin daha şəffaf, səmərəli və təhlükəsiz aparılmasına imkan verir.

Azərbaycanda artıq yalnız canlı donordan deyil, həm də meyit donordan orqan götürülür. Bu, çox vacib bir məqamdır. Regionda meyit donordan orqan götürülməsi ilk dəfə ölkəmizdə həyata keçirilib. Eləcə də ürək transplantasiyası kimi mürəkkəb əməliyyat regionda ilk olaraq ölkəmizdə icra olunub. Digər mühüm üstünlük isə peşəkar həkimlərimizin olmasıdır.

Əsas çətinliklərdən biri meyit donorluğunun geniş icra olunmamasıdır. Bu səbəbdən orqan gözləyən xəstələrin sayı hələ yüksəkdir. Bir faktı deyək ki, Azərbaycanda 4 mindən çox insan dializ müalicəsi alır və onların əksəriyyəti üçün böyrək transplantasiyası yeganə uzunmüddətli çıxış yoludur. Donor çatışmazlığı səbəbindən bir çox xəstələr illərlə dializdə qalır, bu isə həm həyat keyfiyyətini azaldır, həm də həyatı itirmək riskini artırır. Unutmaq olmaz ki, bir insan ölümündən sonra 8 insana həyat bəxş edə bilər.

Avropa ölkələrində transplantasiyaların əksəriyyəti – təxminən 70–80 faizi meyit donorlardan götürülən orqanlar hesabına həyata keçirilir, Azərbaycanda isə bu göstərici hələ çox aşağıdır. Amma Azərbaycan xalqı humanist və başqasının dərdinə həssasdır, ona görə inanırıq ki, maarifləndirmə və təcrübə artdıqca meyit donorluğu da getdikcə genişlənəcək.

-Ölkəmizdə transplantasiya sahəsində hansı yeni yanaşmalar və müasir üsullar tətbiq olunur?

-2022-ci ildə vahid informasiya bazasının əsasnaməsi təsdiqləndikdən sonra orqan donorluğu və transplantasiya proseslərini əhatə edən rəqəmsal sistemin qurulmasına başlanılıb. 2025-ci ildə Vahid İnformasiya Sisteminin yaradılması prosesi tam başa çatdırılıb və sistem istifadəyə verilib. Koordinasiya Mərkəzinin əməkdaşları regionlara səfərlər edərək səhiyyə müəssisələrinin sistemə qoşulmasını təmin edib və yerli personal üçün təlimlər keçiriblər. Sistemdə ölkədə reanimasiya şöbələrində süni nəfəs aparatları olan bütün xəstəxanalar, transplantasiya əməliyyatlarını icra edən tibb müəssisələri və böyrək, qaraciyər, ürək, buynuz qişa və digər transplantasiyaları gözləyən pasiyentlərin vahid gözləmə siyahıları yer alır.  Həmçinin sümük iliyi donorlarının reyestri (Kök Hüceyrə Bankı) də sistemdə əks olunur.

Beyin ölümü diaqnozu üçün xüsusi protokol hazırlanıb. Eyni zamanda, transplantasiya əməliyyatlarının icbari tibbi sığortanın xidmətlər paketinə daxil edilməsi sahənin inkişafında mühüm addım olub. Azərbaycanda transplantasiya qanunlarla tənzimlənir, həkim etikası və məxfilik qorunur, qanunsuz orqan ticarətinin qarşısı alınır, beləliklə, həm təhlükəsizlik, həm də hüquq və etik prinsiplər təmin edilir.

-Donor və resipiyent hüquqlarının qorunması və etik məsələlər üzrə hansı mexanizmlər mövcuddur?

-Əgər xəstənin uyğun canlı donoru varsa, o, gözləmə siyahısına daxil edilmir və əməliyyata birbaşa yönləndirilir. Orqan transplantasiyası sahəsində etik və hüquqi nəzarətin təmin edilməsi məqsədilə 2023-cü ilin fevral ayında Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi nəzdində Etika Komissiyası yaradılıb. Qanunvericiliyə əsasən, yaxın qohum anlayışına ata, ana, nənə, baba, bacı, qardaş, həmçinin ər və arvad daxildir. Canlı donor yaxın qohum olmadıqda, müvafiq sənədlər toplanaraq Etika Komissiyasına təqdim edilir və təqdim olunan materiallar hərtərəfli araşdırıldıqdan sonra yekun qərar yalnız Komissiyanın səlahiyyətində verilir.

Meyit donorluqda isə vətəndaş sağlığında razılıq veribsə, beyin ölümü zamanı orqanların götürülməsi üçün ailənin razılığı tələb olunmur; əgər şəxs sağlığında razılıq verməyibsə, meyit donorluğu yalnız ailənin icazəsi ilə həyata keçirilir.

-Beynəlxalq transplantasiya təşkilatları ilə əməkdaşlıq necə qurulub və bunun praktiki əhəmiyyəti nədir?

-Beynəlxalq əməkdaşlıqla bağlı layihələrdən biri “TürkTransplant”ın yaradılması ilə bağlı Niyyət Protokolunun imzalanmasıdır. Bu sistem Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstanı əhatə edir. Əməkdaşlığın əsas praktiki əhəmiyyəti sümük iliyi köçürülməsinə ehtiyacı olan xəstələr üçün uyğun donorların daha tez tapılmasıdır. Genetik yaxınlığa görə Türkiyənin TürkKök Donor Bankında bizə uyğun donor tapmaq ehtimalı daha yüksəkdir. Donoru olmayan uşaqlar üçün uyğun donor axtarışı TürkKök İlik Bankı vasitəsilə aparılır və donor müəyyən edildikdən sonra əməliyyat "sümük iliyi transplantasiyası xidmətlərinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində dövlət proqramı ilə Türkiyədə icra olunur.

Gələcəkdə isə bu əməkdaşlıq çərçivəsində canlı donor orqanlarının kəsişən əməliyyat prinsipi ilə köçürülməsi mümkün olacaq ki, bu da transplantasiya imkanlarını daha da genişləndirəcək.

-Xalq arasında orqan donorluğuna marağı artırmaq üçün hansı innovativ təşviqat və maarifləndirmə metodlarından istifadə olunur?

-Bu sahədə son illərdə müşahidə olunan müsbət dinamika ardıcıl maarifləndirmə tədbirlərinin nəticəsidir. İctimaiyyətin orqan donorluğuna marağını artırmaq üçün müxtəlif təşviqat və məlumatlandırma üsullarından istifadə olunur. Mərkəz tərəfindən ardıcıl maarifləndirici tədbirlər və seminarlar təşkil edilir, yerli və beynəlxalq konfranslarda məruzələr təqdim olunur, ali məktəblərdə təqdimatlar və çıxışlar keçirilir. Orqan donorluğu ilə bağlı məlumatlar KİV və sosial media vasitəsilə geniş ictimaiyyətə çatdırılır.

Eyni zamanda, Səhiyyə Nazirliyinin Media və kommunikasiya şöbəsi tərəfindən də ardıcıl maarifləndirmə işləri aparılır. Ötən il ərzində “Sağlam Radio”nun efirində, müxtəlif televiziya kanallarında və informasiya saytlarında müsahibələr və məlumatlandırıcı materiallar yayımlanıb, nazirliyin rəsmi sosial şəbəkə hesablarında maarifləndirici posterlər və videoçarxlar paylaşılıb. Bu fəaliyyətlər cəmiyyətdə orqan donorluğuna müsbət münasibətin formalaşmasına və ölümdən sonra donor olmaq istəyən vətəndaşların müraciətlərinin artmasına səbəb olub.

-Gələcəkdə transplantasiya sahəsində hansı strateji məqsədlər planlaşdırılır?

-Gələcəkdə transplantasiya sahəsində əsas strateji məqsədlər bu sahənin davamlı inkişafını və əlçatanlığını təmin etməyə yönəlib. Orqan donorluğunun genişləndirilməsi, meyit donorluğunun təşviqi, rəqəmsal idarəetmə sistemlərinin daha da təkmilləşdirilməsi və transplantasiya əməliyyatlarının sayının artırılması da hədəflərimizə daxildir. Eyni zamanda, tibb personalının bilik və bacarıqlarının artırılması, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, etik və hüquqi nəzarət mexanizmlərinin gücləndirilməsi, ictimai maarifləndirmənin davam etdirilməsi planlaşdırılır. Məqsədimiz odur ki, insanlar donorluğun nə olduğunu bilsinlər və bir insanın həyatını xilas etməyin nə qədər böyük bir hədiyyə olduğunu dərk etsinlər.

Yaqut Ağaşahqızı, “İki sahil”