11 fevral 2026 18:05
172

Folklor sadəcə keçmişin sədası deyil

Müsahibimiz Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyevdir.

-AMEA-nın Folklor İnstitutu ötən il hansı naliyyətlərlə yadda qaldı?

-2025-ci il AMEA-nın Folklor İnstitutu üçün həm elmi, həm təşkilati, o cümlədən elmi istiqamətlərin genişləndirilməsi və müasir nəzəri-metodoloji yanaşmaların diqqət mərkəzinə gətirilməsi baxımından mühüm il kimi səciyyələndirilə bilər. İnstitutun müxtəlif istiqamətlər üzrə şöbələrinin hesabat materiallarının və il ərzində görülmüş işlərin təhlili  göstərir ki, ötən il folklorun klassik prinsiplərlə toplanma və nəşri işləri ilə yanaşı, müasir folklorşünaslığın aktual elmi problemləri üzrə xeyli sayda araşdırmalar aparılmışdır.

Xüsusi vurğulamaq istərdim ki, 2025-ci il üzrə fəaliyyətimizdə Türk dünyası ilə elmi-mədəni əlaqələrin dərinləşdirilməsi, bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla sıx əməkdaşlığın qurulması, birgə elmi tədbirlərin təşkili xüsusilə diqqəti cəlb edir. Ötən il həm də regional və multikultural folklor mühitlərinin sistemli tədqiqi, o cümlədən multidissiplinar yanaşmalar və rəqəmsal transformasiyalar kontekstində folklorun nəzəri və tətbiqi problemlərinin araşdırılması istiqamətlərində də müəyyən işlər görülüb.

 2025-ci ildə institutun elmi fəaliyyətində fərqləndirici cəhətlərdən biri də nəzəri araşdırmaların gücləndirilməsidir. Folklorun sinkretik təbiəti, mədəni yaddaşın formalaşmasında rolu, şifahi ənənənin müasir transformasiyaları kimi problemlər aktual elmi diskurs kontekstində araşdırılıb. Beynəlxalq təcrübəyə əsaslansaq bu yanaşmalar folklorşünaslığın yalnız mətn mərkəzli deyil, sosial-mədəni prosesləri əhatə edən geniş bir sahə kimi dərk edilməsinə xidmət edir.

-Bəs Qərbi Azərbaycan, eləcə də Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının folklor nümunələrinin toplanılması, sistemləşdirilməsi və nəşri istiqamətində hansı işlər görülüb?

- Prezident İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycan, Şərqi Zəngəzur və Qarabağla bağlı həyata keçirilən işlər, atılan addımlar bizim fəaliyyətimiz üçün də strateji hədəflər müəyyənləşdirib. Hazırda Qərbi Azərbaycanın folklor irsinin elmi əsaslarla tədqiqi, Şərqi Zəngəzur və Qarabağın dirçəldilməsi kontekstində kollektiv mədəni yaddaşın yenidən canlandırılması, mədəni reinteqrasiyanın təmin olunması kimi məsələlər Folklor İnstitutunun prioritetləri sırasındadır. Aparılan araşdırmalar onu deməyə əsas verir ki, folklor sadəcə keçmişin sədası deyil, o, xalqın tarixi yaddaşındakı mədəni coğrafiyanın bütöv xəritəsi və mənəvi pasportudur. Dövlət siyasətini və Böyük Qayıdış Proqramını rəhbər tutaraq, biz son illərdə Qarabağ, Şərqi Zəngəzur və Qərbi Azərbaycan folklorunun toplanması və araşdırılmasını elmi fəaliyyətimizin aparıcı istiqamətinə çevirmişik. Məlumdur ki, bu bölgələrin sakinləri uzun illər işğal və deportasiya səbəbindən öz dədə-baba torpaqlarından ayrı düşmüş, respublikamızın müxtəlif bölgələrində məskunlaşmışlar. İnstitutumuzun alimləri tərəfindən aparılan araşdırmalar və həyata keçirilən ekspedisiyalar nəticəsində Qərbi Azərbaycan folkloru nümunələri vahid sistem halına gətirilmiş, çoxcildli nəşr formatında təşkil olunmuş və 6 cild kitab halında işıq üzü görmüşdür. Bu cildlərdə Göygöl, Tərtər, Şəki və digər bölgələrdə məskunlaşmış Qərbi azərbaycanlılardan toplanmış materiallar yer alıb. Düşünürəm ki, bu materiallar təkcə folklor nümunəsi deyil, həm də Ermənistanın mədəni irsimizə qarşı apardığı soyqırım siyasətinə ən güclü elmi cavabdır. Eyni zamanda, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları üzrə "Laçın folkloru" toplusu, "Zəngəzur folkloru: poetik sözdən sosial mənaya", “Qarabağ folklorunun bədii-semantik xüsusiyyətləri” kimi fundamental kitablar işıq üzü görüb. Hesab edirəm ki, bu nəşrlər təkcə elmi baxımdan deyil, strateji cəhətdən də mühüm mənbələrdir. Çünki Qarabağ, Şərqi Zəngəzur və Qərbi Azərbaycanın folklor irsi bu məkanlara min illər boyu sahibliyimizin ən vacib göstəricisidir. Bizim hədəfimiz bu bölgələrin tam folklor xəritəsini yaratmaq və hər bir nümunəni gələcəkdə formalaşdıracağımız rəqəmsal arxivə daxil etməkdir.

-Müasir dövrdə beynəlxalq elmi mühitlə müqayisədə folklorun öyrənilməsi sahəsində hansı əsas problemlər və çağırışlar mövcuddur?

-Beynəlxalq elmi mühit bu gün folklora mədəni antropologiya, sosial-antropoloji baxışlar prizmasından yanaşır. Bizim qarşımızda duran ən böyük hədəflərdən biri klassik sovet filoloji folklorşünaslıq məktəbinin qəliblərindən tamamilə qurtulmaq və müasir Qərb metodologiyasını milli zəmində tətbiq etməkdir. Bu kontekstdə əsas problemlərdən biri folklorun hələ də yalnız “kənd həyatı”na məxsus və ya “keçmişin qalığı” kimi dərk edilməsi ilə bağlı formalaşmış stereotiplərdir. Halbuki müasir folklorşünaslıqda folklor “yaşayan mədəniyyət” (living culture) kimi qəbul olunur və dinamik sosial proseslərin tərkib hissəsi kimi araşdırılır.

Digər mühüm çağırış isə illər ərzində toplanmış zəngin folklor materiallarının rəqəmsallaşdırılması və beynəlxalq standartlara uyğun şəkildə arxivləşdirilməsidir. Sahə tədqiqatları zamanı qeydə alınmış səsli folklor nümunələri müəyyən hallarda stenoqramlaşdırılaraq rəqəmsal formata keçirilsə də, onların strukturlaşdırılmış şəkildə vahid elektron bazada toplanmasına ciddi ehtiyac qalmaqdadır.

Hesab edirəm ki, Azərbaycan folklorşünaslığı üçün əsas çağırışlardan biri də nüfuzlu beynəlxalq elmi bazalarda, o cümlədən Scopus, Web of Science və digər platformalarda iştirakın genişləndirilməsidir. Alimlərimiz çox dəyərli tədqiqatlar aparırlar, lakin bu işlərin ingilis dilində və beynəlxalq akademik standartlara uyğun təqdimatı hələ də arzu olunan səviyyədə deyil. Biz bu sahədə işin keyfiyyətini yüksəltmək və konkret nəticələr əldə etmək məqsədilə praktik təlim və seminarlarda iştirak etməyi planlaşdırırıq ki, tədqiqatlarımız beynəlxalq elmi mühitdə daha geniş tanınsın və qəbul edilsin.

- Azərbaycan folklor nümunələrinin xarici dillərə tərcüməsi və beynəlxalq elmi dövriyyəyə çıxarılması istiqamətində hansı işlər görülür?

-Şübhəsiz ki, Azərbaycan folkloru dünya mədəniyyətinin ən zəngin xəzinələrindən biridir. Lakin bu xəzinəni beynəlxalq oxucuya təqdim etmək üçün onu qarşı tərəfin başa düşəcəyi dildə çatdırmaq vacibdir. Ötən il biz Türk Mədəniyyəti və İrsi Fondu ilə birgə həyata keçirilən layihə çərçivəsində “Türk xalqlarının folklor irsi” seriyasından “Azərbaycan qəhrəmanlıq eposu” kitabını nəşrə hazırladıq. Həmin nəşrin bir hissəsi Azərbaycan dili ilə bərabər, türk və ingilis dillərində təqdim olundu. Biz istəyirik ki, hər bir fundamental nəşrimiz ən azı ingilis dilində xülasə və ya tam mətnlə müşayiət edilsin.

Lakin nəzərə almaq lazımdır ki, tərcümə yalnız sözlərin bir dildən digərinə keçirilməsi deyil, eyni zamanda mənanın, spesifik üslub və çaların qorunmasıdır. Bu baxımdan həmin prosesdə peşəkar tərcüməçilərlə yanaşı, folklorşünas mütəxəssislərin iştirakı da zəruridir.

Beynəlxalq elmi dövriyyəyə çıxışın digər bir vacib vasitəsi beynəlxalq simpoziumlar və birgə layihələrdir. 2025-ci ildə Folklor İnstitutunun təşkilatçılığı ilə 3 böyük beynəlxalq simpozium keçirilib. Onlardan biri dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyinə həsr olunmuş “Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk Dünyasının Mədəni Kodları” beynəlxalq simpoziumu idi. 10-dan çox ölkədən gələn alimlər Azərbaycan folklorunun zənginliyini birbaşa müşahidə etdilər ki, bu həm də Aşıq Ələsgər və Üzeyir Hacıbəylinin yaradıcılığının təqdimatı, təbliği və elmi təhlili üçün əlverişli platforma rolunu oynadı.

Eyni zamanda, xarici elmi jurnallarda çap olunmaq artıq seçim deyil, zərurət hesab olunur. Son bir ildə ümumilikdə 62 əsər, o cümlədən 44 məqalə, 14 kitab və 4 tezis xaricdə nəşr olunmuşdur. İnstitutumuz tərəfindən nəşr edilən “Dədə Qorqud” jurnalının isə beynəlxalq indekslərə daxil olması üçün hazırlıq işlərinə başlanılıb. Düşünürəm ki, Azərbaycan folklorunun beynəlxalq səviyyədə təbliği yalnız elmi prioritet deyil, həm də mədəni diplomatiya və ölkəmizin nüfuzunun artırılması baxımından əhəmiyyətlidir.

-Yaxın perspektivdə Folklor İnstitutunu hansı yeni layihələr, tədqiqatlar və elmi yeniliklər gözləyir?

-Gələcək planlarımız həm folklorun akademik prinsiplər əsasında toplanılması, sistemləşdirilməsi işinin daha da genişləndirilməsi, həm də müasir nəzəri-metodoloji yanaşmaların tətbiqinin dərinləşdirilməsidir. Şübhəsiz ki, rəqəmsallaşma və süni intellektin tətbiqi ilə bağlı məsələlər də əsas diqqət mərkəzində olacaq.

Qarşımızda duran mühüm məsələlərdən biri Milli Rəqəmsal Folklor Verilənlər Bazasının yaradılmasıdır. Hazırda bu baza üzrə işlərin ilkin mərhələsini planlaşdırırıq, məqsədimiz minlərlə səsyazma və əlyazmanı rəqəmsallaşdırmaq, onları avtomatik transkripsiya etmək və janrlar üzrə təsnif edən bir sistem qurmaqdır. Layihənin həyata keçirilməsi üçün əlavə resurslar və dəstək tələb olunur. Uğurla tamamlandıqda bu baza tədqiqatçılar üçün araşdırma və analiz imkanlarını əhəmiyyətli dərəcədə genişləndirəcək bir platforma rolunu oynaya bilər.

2026-cı ildə “Qərbi Azərbaycan Folkloru” ilə bağlı işləri – toplama, tədqiqat və nəşr məsələlərini daha da genişləndirməyi planlaşdırırıq. Əsas məqsədimiz tarixi mədəni irsimizin zəngin folklor mənzərəsini yaratmaqdır. Biz təkcə bədii nümunələri və folklor faktlarını deyil, həm də bölgənin etnoqrafik xüsusiyyətlərini, xalq həyatını, maddi və qeyri-maddi mədəni irsi, xalq əşyalarını və sosial davranış kodlarını sistemli şəkildə sənədləşdirməyi planlaşdırırıq. Bu yanaşma folkloru mədəni, sosial və etnoqrafik aspektləri birgə nəzərə alan sistemli tədqiqat çərçivəsində öyrənməyə imkan verəcək, onun tarixi, sosial və mədəni kontekstini daha dərindən anlamağa və gələcək nəsillərə əhatəli şəkildə çatdırmağa şərait yaradacaq.

Eyni zamanda işğaldan azad edilmiş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda folklor toplama işləri ilə yanaşı, milli kulinariya ənənələrinin sistemli araşdırılmasını da hədəfləyirik. Bu bölgəni folklorşünaslıq baxımından unikal edən əsas cəhət, işğaldan əvvəlki, işğal dövrü və işğaldan sonrakı mərhələlərdə yaranan folklor nümunələrinin qarşılıqlı təhlili və müqayisəli öyrənilməsidir. Layihə çərçivəsində biz Böyük Qayıdış prosesi zamanı həmin torpaqlara qayıdan insanların yaddaşındakı folklorun transformasiyasını və yeni sosial-mədəni mühitdə reaktuallaşmasını araşdırmağı planlaşdırırıq.

Ümumilikdə hesab edirik ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər bütün sahələrlə yanaşı, elmi faəliyyət sferasında çalışan alim və mütəxəssislərin də qarşısında yeni vəzifələr müəyyənləşdirir. Elmin bütün istiqamətlərində müasir yanaşmaların tətbiqi zəruridir. Biz mövcud imkanlardan istifadə etməklə folkloru statik irs kimi deyil, dinamik mədəni yaddaş və canlı sosial sistem kimi araşdırmağa, milli mədəniyyətimizi beynəlxalq elmi platformalarda layiqincə təmsil etməyə və folklorşünaslıq sahəsində aparılan ümumi elmi müzakirələrə öz töhfəmizi verməyə çalışamalıyıq.

Qvami Məhəbbətoğlu, “İki sahil”