12 fevral 2026 11:25
162

Magistraturaya qəbul imtahanı keçiriləcək

Dövlət İmtahan Mərkəzi 15 fevral 2026-cı il tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanı (I cəhd) keçirəcək.

“İki sahil” xəbər verir ki, bu barədə DİM məlumat yayıb. Məlumata görə, imtahan Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Mingəçevir və Lənkəranda, ümumilikdə 88 binada təşkil olunacaq.

Bakalavrların imtahan verəcəyi yer onların "Şəxsi kabinet"ində qeyd etdiyi faktiki yaşadığı məntəqəyə uyğun müəyyən olunur.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.

İmtahanın müddəti 3 saat 30 dəqiqədir. İmtahan başlanandan 3 saat sonra test tapşırıqlarının cavablandırılması üçün ayrılan vaxt başa çatır və cavab kartları zal nәzarәtçisi tәrәfindәn yığılır. Bundan sonra iştirakçılara xarici dil fənni üzrə yazı işi (esse) vәrәqlәri paylanılır. Esselərin yazılmasına 30 dəqiqə vaxt verilir.

İmtahan binasına mobil telefon və digər rabitə vasitələri, elektron cihazlar, kalkulyator, elektron məlumat daşıyıcısı, kitab, dəftər, jurnal, konspekt, məlumat kitabçası, lüğət, cədvəl, çanta və digər yardımçı vəsaitlər gətirmək qadağandır. İştirakçılardan imtahan binasına əlavə əşyaları gətirməməyi xahiş edirik. Bütün bunlar buraxılış rejimi işinin səmərəli təşkilinə və onun vaxtında başa çatdırılmasına mane olur.

Məlumat üçün qeyd edək ki, ərizələrin qəbulu internet vasitəsilə yanvarın 14‑dən 26-dək aparılıb. İmtahanda iştirak etmək üçün 22780 bakalavr ərizə təqdim edib. Onlardan 20790 nəfər Azərbaycan bölməsi, 1990 nəfər rus bölməsi üzrə imtahan verəcək. Bakalavrlardan 15391-i cari ilin, 7389-u isə əvvəlki illərin məzunlarıdır, 47 nəfər xarici ölkə vətəndaşıdır.

Qəbul imtahanı Bakıda 64, Sumqayıtda 6, Abşeronda 4, Gəncədə 6, Naxçıvanda 2, Mingəçevirdə 4, Lənkəranda 2 binada təşkil olunacaq. Bakıda 16499, Naxçıvanda 542, Gəncədə 1533, Sumqayıtda 1712, Abşeronda 1235, Mingəçevirdə 828, Lənkəranda 431 bakalavrın imtahan verəcəyi gözlənilir. İmtahanın idarə olunmasına 88 ümumi rəhbər, 248 imtahan rəhbəri, 2069 nəzarətçi, 297 buraxılış rejimi əməkdaşı (mühafizə) cəlb olunacaq.

Bakalavrlar imtahana gələrkən aşağıda göstərilən sənədləri mütləq özləri ilə gətirməlidirlər:

- Şəxsiyyəti təsdiqləyən sənədin əslini;

- "İmtahana buraxılış vərəqəsi"ni.

Göstərilən sənədlər arasında uyğunsuzluq aşkarlanan, yaxud həmin sənədlərdən biri olmayan şəxslər imtahana buraxılmayacaqlar.