12 fevral 2026 15:54
134

Piylənməyə qarşı dərmanların populyarlığı ŞƏKƏRİN QİYMƏTLƏRİNİ ENDİRİB

Londonda yerləşən ICE birjasında xam şəkərin fyuçers qiyməti funt başına 0,14 ABŞ dollarına qədər düşüb. Bu, oktyabr 2020-ci ildən bəri ən aşağı səviyyədir.

“İki sahil” xəbər verir ki,  Financial Times qəzetinin analitiklərə istinadla verdiyi məlumata görə, bu dinamika piylənməyə qarşı dərmanların populyarlığı ilə bağlıdır.

Söhbət, GLP-1 əsaslı inyeksiya preparatlarından gedir. Bu dərmanlar toxluq hissi yaradır və çəkinin azalmasına kömək edir. Belə preparatlara Novo Nordisk şirkətinin Ozempic və Wegovy, eləcə də Eli Lilly şirkətinin Mounjaro və Zepbound daxildir. Xüsusilə, bu preparatlar ABŞ-da geniş yayılıb, deyə FT yazır.

“İstehlakın azalması, daha doğrusu, azalmanın sürəti şəkər sənayesini təəccübləndirib”, – deyə FT qəzetinə müsahibə verən Böyük Britaniyanın maliyyə şirkəti Marex bildirib. Qəzetin sorğusuna görə, analitiklər qeyd edirlər ki, şəkər bazarı xüsusilə istehlakçı davranışındakı dəyişikliklərə həssasdır, çünki tələb əsasən kiçik bir qrup insan üzərində cəmlənib.

Buna baxmayaraq, dünya üzrə şəkər istehsalı yüksək səviyyədə qalır, xüsusilə Braziliya və Hindistanda. Hələlik heç bir böyük istehsalçı məhsul istehsalını kəskin azaltmayıb. Marex-in ekspertləri əlavə edirlər ki, şəkər qamışı yetişdirmək böyük investisiya tələb edir və uzun əkilmə dövrlərini əhatə edir. Bir çox fermerlər isə dövlət dəstəyi sayəsində dünya bazar qiymətlərinin dəyişməsindən qorunurlar.