Azərbaycan 44 günlük Vətən müharibəsi, həmçinin 23 saatlıq lokal antiterror tədbirləri zamanı öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə təkcə hərbi-siyasi qələbə qazanmadı. Eyni zamanda, xalqımıza, insanlığa qarşı cinayətlər törədən separatçıları ədalət mühakiməsi qarşısına çıxarmaqla hüquqi ədalətin bərpasına da nail oldu. Nəticədə Bakı Hərbi Məhkəməsinin hökmü ilə işğalçı rejimin sabiq rəhbəri Arayik Harutyunyan, keçmiş xarici işlər naziri Davit Babayan, qondarma rejimin parlament sədri Davit İşxanyan, "müdafiə ordusu"nun komandanının müavini Davit Manukyan və "müdafiə ordusu"nun komandiri Levon Mnatsakanyan kimi separatçılar ömürlük azadlıqdan məhrum edildilər. Digər separatçı "liderlər"-Arkadi Qukasyan, Bako Sahakyan isə 20 il müddətinə azadlıqdan məhrumetmə cəzası aldılar. Halbuki mülki azərbaycanlılara qarşı ən ağır cinayətləri törədən bu separatçılar cəzasız qalacaqlarını düşünürdülər. Dünyanın aparıcı dövlətləri də onların törətdikləri cinayətlərə göz yumurdular.
Şübhəsiz, bütün bunları ədalətin təntənəsi kimi dəyərləndirmək olar. Yeri gəlmişkən, hələ müharibədən əvvəl Prezident İlham Əliyev Xocalı soyqırımını və digər ağır cinayətləri törədən şəxslərin mütləq şəkildə məsuliyyətə cəlb olunacağını, günahsız qurbanların qanının yerdə qalmayacağını dəfələrlə bəyan etmişdi. Artıq həmin vəd reallığa çevrilib.
Amma Avropa Parlamentinin bir qrup deputatı hələ də mühakimə olunaraq cəzalandırılmış separatçıları müdafiə etməkdə davam edir. Hətta onlar "bütün erməni məhbusları"nı azad etməyə çağıran bəyanat da yayıblar. Bir daha xatırladaq ki, cəzalarını alan separatçılar “xunta rejiminin liderləri”dir ki, onlar Azərbaycana və xalqımıza qarşı sülh və insanlıq əleyhinə cinayətlər törədiblər. Onların özləri də məhkəmə prosesində hərbi cinayət törətdiklərini etiraf ediblər. Belə olan halda Avropa Parlamentinin üzvləri nəyi sübut etməyə çalışırlar? Bu mənada onların bu şəkildə müdafiə edilməsi, ölkəmizi guya insan hüquqlarını pozmaqda ittihamları olduqca absurddur. Avropa Parlamentinin üzvlərinin bu addımını, həm də suveren ölkənin daxili işlərinə qarışmaq, ona iftiralar atmaq kimi də dəyərləndirmək olar. Sual olunur: Niyə torpaqlarımızın 30 il işğalı zamanı şəhər və kəndlərimiz viran qoyulanda, 1 milyon soydaşımız qaçqın və məcburi köçkün düşəndə Avropa Parlamentinin üzvləri bu cinayəti pisləyən bir qətnamə belə qəbul etmədi, bir çağırış səsləndirmədi, əksinə, bu işğala qanuni don geyindirməyə çalışdılar.
Şübhəsiz, Avropa Parlamentinin bəzi üzvlərinin Azərbaycana qarşı mövqeyi onların ikili standartlardan hələ də əl çəkə bilməmələrinin sübutudur. Görünür Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, qlobal siyasətə təsir edə biləcək bir gücə çevrilməsi onları bərk narahat edir.
Yeri gəlmişkən qeyd edək ki, Qərbi Azərbaycan İcması Avropa Parlamentinin bəzi deputatlarının bu mövqeyini Ermənistanın Azərbaycan ərazilərinin işğalına, törətdiyi etnik təmizləməyə, hərbi cinayətlərə göz yumulması və təşviq edilməsi kimi qiymətləndirib. Bütün bunlar göstərir ki, Avropa Parlamentinin erməni diasporunun təsiri altında olan bəzi üzvləri hələ də onların təhriki ilə regional sülhə mane olmağa, yeni reallığı qəbul etməməyə çalışırlar. Halbuki bu gün Prezident İlham Əliyevin qətiyyətli siyasəti nətəsində Cənubi Qafqazda de-fakto sülh bərqərar olub. Hətta Ağ Evdə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin mətni paraflanıb, vacib razılaşmalar əldə edilib. Artıq iki ölkə sülhün imzalanmasına doğru addım-addım irəliləyir. Hadisələrin gedişatı da yaxın dönəmdə de-yure sülhün əldə olunacağına əsaslı inam yaradır. Hətta bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib ki, bu ilin iyun ayında keçiriləcək parlament seçkilərindən əvvəl Azərbaycanla sülh müqaviləsinin imzalanması hökumətin gündəliyindədir. Bu yerdə yaxşı deyiblər ki, “it hürər, karvan keçər”.
Qvami Məhəbbətoğlu, “İki sahil”