12 fevral 2026 17:13
156

"Amazon"un Milan ofisində AXTARIŞ APARILIB

İtaliyanın vergi polisi Milandakı Amazon-un baş ofisində axtarışlar aparıb.

“İki sahil” xəbər verir ki, bu barədə Reuters iki mənbəyə və məhkəmə orderinin mətninə istinadən məlumat yayıb.

Axtarışlar şirkətin vergidən yayınma ehtimalı ilə bağlı aparılan istintaq çərçivəsində keçirilib.

Agentliyin mənbələrinin bildirdiyinə görə, vergi polisi həmçinin Amazon-un yeddi menecerinin evlərində, eləcə də audit şirkəti KPMG-nin ofislərində axtarış aparıb. Məlumata əsasən, hüquq-mühafizə orqanları hesab edir ki, Amazon 2019–2024-cü illər ərzində İtaliyada daimi nümayəndəliyə malik olub. Lakin Amerika şirkəti ölkədə vergi ödəməyə yalnız 2024-cü ilin avqustunda başlayıb.

Milan prokurorluğu ötən ilin dekabrında Lüksemburqda yerləşən Amazon EU Sarl şirkəti və onun direktoru Barbara Skarafia barəsində araşdırmaya başlayıb. Onlar gəlirləri bəyan etməməkdə şübhəli bilinir.

İstintaq materiallarına və şahid ifadələrinə görə, 2024-cü ildə Amazon EU Sarl digər bir Amazon şirkətinin 159 əməkdaşını işdən çıxarıb və yenidən işə qəbul edib. Prokurorluğun fikrincə, həmin şirkət faktiki olaraq İtaliyada daimi nümayəndəlik kimi fəaliyyət göstərib.

Dekabr ayında Amazon artıq İtaliya vergi xidmətinə mübahisələrdən birinin həlli üçün 605 milyon ABŞ dollarından çox vəsait ödəyib. Reuters-in mənbəsinin sözlərinə görə, Milan prokurorluğu şirkəti təkcə 2019–2021-ci illər üzrə 1,42 milyard dollar məbləğində vergidən yayınmaqda şübhəli bilir.