12 fevral 2026 23:20
119

Meyitlərin gübrələşdirilməsi reallaşdırılır

ABŞ-da həyata keçirilən bu tətbiq bütün dünyaya yayılacaqmı?

Şəhərlərin sürətlə böyüməsi və hər il milyonlarla insanın vəfat etməsi bir çox ölkələrdə dəfn üçün torpaq çatışmazlığı problemini daha da kəskinləşdirir. Xüsusilə böyük və izdihamlı şəhərlərdə qəbiristanlıq yerləri ciddi müzakirə mövzusuna çevrilib. Bu kontekstdə ABŞ-də tətbiq edilən yeni üsul diqqət çəkir.

Nyu-Yorkun Bruklin şəhərində yerləşən tarixi “Green-Wood” qəbiristanlığı problemi alternativ üsulla həll etməyi planlaşdırır. Təxminən 600 min məzarı olan bu qəbiristanlıq həm əlavə gəlir əldə etməyi, həm də ərazidəki bitki örtüyünü qidalandırmağı hədəfləyir.

ABŞ-da illik dövriyyəsi 20 milyard dollara çatan dəfn sənayesinə yeni nəfəs gətirən bu üsul hazırda 14 ştatda qanunla tətbiq olunur. İlk dəfə 2019-cu ildə Vaşinqton ştatı insanların gübrələşdirilməsi leqallaşdırıb. Qanun layihəsini təqdim edən ştat senatoru Ceymi Pedersen bildirmişdi ki, “baby boomer” nəslinin say çoxluğu səbəbindən ölüm halları əvvəlki dövrlərlə müqayisədə artıb və min illərdir əsasən iki seçim, dəfn və kremasiya (ölmüş şəxsin dini mənsubiyyətinə və milli adət və ənənələrə uyğun olaraq, dəfndən əvvəl meyitin xüsusi sobalarda yandırılması prosesi) mövcud olub.

Hazırda ABŞ-da ən geniş yayılmış üsul kremasiyadır və ölümlərin 60 faizindən çoxunda bu seçim edilir. Proqnozlara görə, 2045-ci ildə bu göstərici 82 faizə çatacaq. Bununla belə, yeni nəsillər daha ekoloji alternativlərə, o cümlədən insan kompostlaşdırılmasına (mikroorqanizmlərin köməyi ilə parçalanaraq qiymətli üzvi gübrəyə çevrilməsi prosesi) daha açıq yanaşır.

Son sorğular göstərir ki, amerikalıların 61 faizi daha ekoloji və daha iqtisadi dəfn üsullarına üstünlük verir. İnsan kompostlaşdırılması ənənəvi dəfn və ya kremasiya ilə müqayisədə daha az karbon izi buraxdığı üçün “yaşıl dəfn” kimi təqdim olunur. Proses zamanı meyit xüsusi böyük konteynerlərə yerləşdirilir və təxminən 60 gün ərzində saxlanılır. Bu müddətdə cəsəd saman, çiçək və digər təbii materiallarla qarışdırılır. Ailələr istədikləri halda kompost prosesini sürətləndirən əlavə bioloji materiallar da əlavə edə bilirlər. Nəticədə insan qalıqları torpaq üçün gübrəyə çevrilir. Lakin bu yanaşma birmənalı qarşılanmır. Bəziləri dini baxımdan bu üsula qarşı çıxır, digərləri isə etik normaların pozulduğunu iddia edirlər. Bununla yanaşı, insan ləyaqətinə zidd olduğunu düşünənlər də var. Həmçinin bəzi alimlər cəsədlərdən ətraf mühitə patogenlərin yayılması ehtimalı ilə bağlı narahatlıqlarını ifadə edirlər. Tərəfdarlar isə hesab edirlər ki, etirazların bir hissəsi dəfn mərasimlərinin böyük iqtisadi sektor təşkil etməsi ilə bağlıdır. Onların fikrincə, yeni metod mövcud sənaye strukturuna alternativ yaratdığı üçün müqavimətlə qarşılaşır.

“Green-Wood” qəbiristanlığı ilə əməkdaşlıq edən Almaniyanın “Meine Erde” şirkəti bu ekoloji modeli qlobal miqyasda yaymaq niyyətində olduqlarını açıqlayıb. “Wall Street Journal”ın məlumatına görə, Almaniya, İsveçrə, Belçika və Böyük Britaniya parlamentləri də insan kompostlaşdırılmasının leqallaşdırılmasını müzakirə edirlər. İsveçdə isə bu üsul 2005-ci ildən qanunla tətbiq edilir. Beləliklə, urbanizasiya və ekoloji narahatlıqlar fonunda insan kompostlaşdırılması gələcəyin alternativ dəfn modeli kimi beynəlxalq müzakirələrin mərkəzinə çevrilməkdədir.

Şahnigar Əhmədova, “İki sahil”