Ukraynada 1 yanvardan etibarən qüvvəyə minmiş metal tullantılarının ixrac qadağası Polşanın metallurgiya və müdafiə sənayesində ciddi problemlər yaradıb.
“İki sahil” xəbər verir ki, bu barədə Polşa Maliyyə naziri Andzej Domański "Business Insider Polska"ya müsahibəsində bildirib.
“Polşa polad istehsalçıları üçün Ukrayna sektorundan çətinliklər yaranıb və biz bu problemləri həll etmək istəyirik”, – deyə Domański vurğulayıb.
Nazirin sözlərinə görə, Ukraynadan metal tullantılarının ixracı məsələsi ölkənin müdafiə qabiliyyəti üçün kritik əhəmiyyət daşıyır, çünki Polşada istehsal olunan poladın təxminən yarısı məhz bu xammaldan hasil edilir. O, metallurgiya sənayesinin Polşa üçün müdafiə qabiliyyətinin qurulmasında əsas element olduğunu qeyd edib.
Domański həmçinin Avropa İttifaqının metallurgiya siyasətini tənqid edərək bildirib ki, son altı ildə Aİ-də polad istehsalı 180 milyon tondan 130 milyon tona düşüb. Nazirə görə, Avropa sənayenin deindustrializasiyasına və istehsal gücünün azalmasına yol verərək ciddi səhv edib.
Nazir əlavə edib ki, 5 fevralda Kiyevdə metallurgiya bazarı ilə bağlı danışıqlar keçirilib və ayın ortasında məsələ yenidən müzakirə olunacaq.