12 fevral 2026 15:00
195

TPAO ilə BP arasında nəhəng saziş: SƏNƏDLƏR İMZALANDI

Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) Böyük Britaniyanın enerji nəhəngi BP ilə neft və təbii qaz sahəsində strateji əməkdaşlığa dair Anlaşma Memorandumu imzalayıb. Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar TPAO ilə BP arasında neft və təbii qaz sahəsində əməkdaşlığın gücləndirilməsinə yönəlmiş Anlaşma Memorandumunun İstanbulda imzalandığını açıqlayıb.

Alparslan Bayraktar razılaşmada əsas diqqət mərkəzinin İraqdakı enerji sahələri olduğunu bildirərək, xüsusilə Kərkük bölgəsində həyata keçiriləcək əməkdaşlıqların ön plana çıxdığını vurğulayıb: “İstanbulda milli neft şirkətimiz TPAO ilə BP arasında neft və təbii qaz sahəsində əməkdaşlığımızı dərinləşdirəcək Anlaşma Memorandumunu imzaladıq. Sözügedən saziş mövcud yataqların inkişaf etdirilməsi, yeni kəşfiyyat potensiallarının birgə qiymətləndirilməsi, neft ixrac gücünün artırılması və təbii qaz nəqli infrastrukturu məsələləri üzrə həm Türkiyədə, həm də beynəlxalq miqyasda əməkdaşlıq imkanlarını əhatə edən kompleks çərçivə təqdim edir. Uzun illərə söykənən TPAO–BP tərəfdaşlığını yeni coğrafiyalarda və yeni layihələrdə daha möhkəm əsaslar üzərində qurmağı hədəfləyirik. İraq başda olmaqla region ölkələrində və Mərkəzi Asiyada inkişaf etdirə biləcəyimiz birgə layihələri bu çərçivədə nəzərdən keçirəcəyik.

2026-cı ildən etibarən TPAO-nu kəşfiyyat və hasilat sahəsində yeni mərhələyə daşıyırıq. Qara dəniz və Qabar layihələrimizlə yanaşı, 2028 hədəflərimiz doğrultusunda istehsal gücümüzü daha da artıracaq, xaricdəki strateji tərəfdaşlıqlarımızla bu böyüməni qlobal miqyasda dəstəkləyəcəyik. Enerjidə güclü, rəqabətədavamlı və beynəlxalq arenada daha fəal Türkiyə hədəfi istiqamətində qətiyyətlə irəliləyirik.”

Orxan Vahidoğlu, “İki sahil”