Ekspert: Süni intellekt alqoritmlərinin tətbiqi idarəetmədə operativlik və proqnozlaşdırma imkanlarını əhəmiyyətli dərəcədə artırır
Son illər qlobal miqyasda rəqəmsal transformasiya dövlətlərin iqtisadi gücünün, idarəetmə səmərəliliyinin və milli təhlükəsizlik arxitekturasının əsas müəyyənedicilərindən birinə çevrilib. Məlumatın strateji resurs kimi qəbul edildiyi yeni mərhələdə süni intellekt, böyük verilənlər və data mərkəzləri artıq texnoloji yenilik deyil, milli inkişaf modelinin dayağı kimi çıxış edir. Bu kontekstdə Prezident tərəfindən elan olunan “Azərbaycanın yeni rəqəmsal arxitekturası” ölkənin rəqəmsal gələcəyinə dair konseptual baxışı ortaya qoyur və İnformasiya - Komminikasiya texnologiyaları (İKT) sektorunun qarşısında yeni hədəflər müəyyənləşdirir.
Yeni yanaşma təkcə infrastrukturun genişləndirilməsini deyil, həm də data əsaslı idarəetmə sisteminə keçidi, rəqəmsal suverenliyin möhkəmləndirilməsini və yüksək texnologiyalara əsaslanan iqtisadi modelin formalaşdırılmasını nəzərdə tutur. Süni intellekt və milli data mərkəzlərinin prioritetləşdirilməsi Azərbaycanın regionda rəqəmsal hab kimi mövqeyini gücləndirməklə yanaşı, yerli İKT sektorunun innovativ istehsal potensialını artırmaq üçün real zəmin yaradır.
Mövzunun aktuallığını və strateji əhəmiyyətini nəzərə alaraq, “Azərbaycanın yeni rəqəmsal arxitekturası” çərçivəsində müəyyənləşdirilən prioritetlərin İKT sektoruna real təsirləri, eləcə də data əsaslı idarəetmənin doğurduğu çağırışlarla bağlı məsələlərə aydınlıq gətirmək üçün sahə üzrə ekspertin mövqeyini öyrəndik.
Xidmət modelindən texnologiya istehsalına keçid

“Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyası” İctimai Birliyinin sədri Elvin Abbasov mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, yeni rəqəmsal yanaşma ölkənin texnoloji inkişaf trayektoriyasını müəyyən edən əsas istiqamətlərdən biridir və həm dövlət, həm də özəl sektor qarşısında konkret vəzifələr formalaşdırır: “Prezident tərəfindən elan olunan “Azərbaycanın yeni rəqəmsal arxitekturası” çərçivəsində süni intellekt və data mərkəzlərinin prioritet istiqamət kimi müəyyənləşdirilməsi yerli İKT sektoru üçün keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. Bu yanaşma ənənəvi xidmətyönümlü modeldən yüksək texnologiyalara əsaslanan, innovativ məhsul və həllərin yaradıldığı istehsal modelinə keçidi stimullaşdırır. Yerli şirkətlər üçün bu, böyük həcmli məlumat bazaları üzərində ixtisaslaşmış proqram təminatlarının hazırlanması, süni intellekt alqoritmlərinin tətbiqi və bulud infrastrukturuna çıxış imkanlarının genişlənməsi deməkdir. Eyni zamanda, milli data mərkəzləri şəbəkəsinin genişlənməsi xarici platformalardan asılılığın azalmasına, məlumat suverenliyinin güclənməsinə və regional data tranziti imkanlarının formalaşmasına şərait yaradır. Bu isə yerli mütəxəssislərin qlobal layihələrdə iştirakını artırır, rəqəmsal iqtisadiyyata birbaşa xarici investisiyaların cəlb olunmasını sürətləndirir və ölkəni regionda rəqəmsal hab kimi mövqeləndirir.
Bununla yanaşı, data əsaslı qərarvermə modelinə keçid həm dövlət, həm də özəl sektor üçün ciddi struktur və institusional çağırışlar yaradır. İlk növbədə, müxtəlif qurumlarda dağınıq formada mövcud olan məlumat bazalarının vahid standartlara uyğunlaşdırılması, inteqrasiyası və keyfiyyətinin təmin olunması vacibdir. Məlumatların emalı prosesində etik normaların qorunması, şəxsi məlumatların təhlükəsizliyi və şəffaflıq prinsiplərinin təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir”.
Kibertəhlükəsizlik prioritet kimi
Ekspert qeyd etdi ki, kibertəhlükəsizlik baxımından isə məlumatların mərkəzləşdirilməsi risklərin miqyasını artırır: “Əgər əvvəl risklər lokal xarakter daşıyırdısa, indi mümkün sızma və ya kiberhücum sistem səviyyəli təhlükəyə çevrilə bilər. Bu səbəbdən müdafiə mexanizmlərinin yenilənməsi, çoxsəviyyəli təhlükəsizlik arxitekturasının qurulması və qabaqlayıcı monitorinq sistemlərinin tətbiqi zəruridir. “Zero Trust” prinsipi əsasında identifikasiya və autentifikasiya mexanizmlərinin gücləndirilməsi, məlumatların ən yüksək şifrələmə standartları ilə qorunması və kibertəhlükəsizlik üzrə ixtisaslı kadr potensialının artırılması həm dövlət, həm də özəl sektor üçün prioritet istiqamətə çevrilir”.
Nigar Orucova, “İki sahil"
Qırmızı Bazarda torpağın əkin məqsədli istifadəsi üçün müraciətlərin qəbuluna başlanılır
Kənd Təsərrüfatı Nazirliyində “2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələr” mövzusunda müşavirə keçirilib
Belarusun aparıcı turizm şirkətlərinə Azərbaycanın turizm potensialı təqdim olunub