14 fevral 2026 09:16
138

"OpenAI" "ChatGPT-4o" modelinin işini dayandırdı: Sosial şəbəkədə istifadəçilər qarşı çıxdılar

"OpenAI" "ən cəlbedici çatbot" adlandırılan "GPT-4o" modelinin xidmətini dayandırıb. Qərar yanvarın sonlarında elan edilsə də, dəyişikliklər fevralın 13-də qüvvəyə minib.

“İki sahil” xəbər verir ki, bu barədə "The Guardian" məlumat verib.

Minlərlə istifadəçi bu addıma qarşı çıxıb. Nəşr qeyd edir ki, bir çoxları üçün "4o-nun yoxa çıxması yaxın dostun, romantik tərəfdaşın və ya mənəvi mentorun itkisi kimi hiss olunur".

"Bu, sadəcə kod deyildi. Bu, mənim gündəlik həyatımın bir hissəsinə, dincliyimin və emosional tarazlığımın açarına çevrildi", - "Reddit" üzvlərindən birinin "OpenAI"nin baş direktoru Sem Altmana açıq məktubunda belə deyilir.

"4o" versiyasının pərəstişkarları əmindirlər ki, 5.1 və 5.2 kimi yeni GPT modelləri "emosional zəkaya malik deyil" və insanları sevimli versiyaları qədər dərindən başa düşə bilmir.

Bəzi istifadəçilər "OpenAI"nin Sevgililər Günündən bir az əvvəl "4o" versiyasına girişi bağlamaq qərarını "süni intellektə qarşı qəddarlıq" kimi qiymətləndiriblər.