14 fevral 2026 16:11
98

Banqladeşdə seçkilərdən sonra baş verən toqquşmalarda 3 nəfər ölüb

Banqladeşdə fevralın 12-də keçirilmiş parlament seçkilərinin nəticələri açıqlandıqdan sonra rəqib siyasi qruplar arasında toqquşmalarda 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

“İki sahil” Banqladeş mediasına istinadla xəbər verir ki, fevralın 14-də səhər erkən saatlarında Çapaynavabqanc rayonunda kənd evində kustar üsulla bomba hazırlanarkən partlayış baş verib. Partlayışın evin kərpic divarlarının çökməsinə və dəmir damının uçmasına səbəb olub. Dağıntı altından 2 nəfərin meyiti çıxarılıb, 3 yaralı xəstəxanaya yerləşdirilib.

Paytaxt Dəkkədən 30 kilometr məsafədə yerləşən Munşiqanc rayonunda baş verən toqquşmada gənc oğlan aldığı zərbələrdən dünyasını dəyişib.

Qeyd edək ki, fevralın 12-də keçirilmiş parlament seçkisinin ilkin nəticələrinə görə Banqladeş Milliyyətçi Partiyası (BNP) parlamentdə 209 yer qazanıb. İndiyədək 297 dairə üzrə sayılan səslərin nəticələrinə görə BNP-nin əsas rəqibi olan “Camaat-e-İslam” Partiyası 68 yer qazanıb. Parlamentdə üstünlüyü təmin etmək üçün siyasi partiyalara 300 yerdən ən azı 151-ni qazanmaq lazımdır. Bu hədəfə nail olan BNP 20 illik fasilədən sonra hakimiyyətə qayıdıb. Parlament seçkisi ilə yanaşı, Konstitusiya islahatları ilə bağlı referendum da keçirilib və seçicilərin 68 faizi islahatlara müsbət yanaşıb.