Artıq 6 aydır ki, Prezidetn İlham Əliyevin atdığı qəti addımlar sayəsində Cənubi Qafqazda de-fakto sülh mühiti formalaşdırılıb. Avqustdan bəri Ermənistanla sərhəddə tamamilə yeni vəziyyət yaranıb, orada artıq atışma, həmçinin digər problemlər müşahidə olunmur. Şübhəsiz, belə bir şəraitdə yaşamaq xüsusi hissdir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, son aylar sülh artıq ticarət sahəsi də daxil olmaqla, praktik müstəviyə keçib. Azərbaycan Qazaxıstandan və Rusiyadan Ermənistana yüklərin daşınması ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırıb. Bundan əlavə, Azərbaycan Ermənistana neft məhsullarının təchizatına başlayıb. Bütün bunlar isə o deməkdir ki, artıq Ermənistana dəmir yolu və kommunikasiya xətlərinin açılması da praktik icraya keçib.
Fevralın 14-də Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda keçirilən panel müzakirələrdə bir daha bütün bunlar haqqında məlumat verib. Hətta dövlətimizin başçısı deyib ki, imzalanacaq rəsmi sülh sazişi Azərbaycana qarşı üç onillik ərzində mövcud olan ərazi iddiasının Ermənistan Konstitusiyasından çıxarılmasını nəzərdə tutan dəyişiklikdən asılıdır: “O, baş verdikdən sonra növbəti gün sülh sazişi rəsmən imzalanacaq”.
Panel müzakirələrdə Prezident İlham Əliyevin bu sözlərinə Ermənistandan gələn Münxen gənc liderlər qrupunun üzvü Stepan Safaryan: “Ermənistanın Müstəqillik Bəyannaməsinin müddəası effektiv deyil. Sizin administrasiyanız, təkcə administrasiyanız deyil, digər hökumətlər də Konstitusiya Məhkəməsinin bu məsələ ilə bağlı qərarı ilə kifayət qədər yaxşı tanışdırlar. Hazırda Ermənistanda aparılan Konstitusiya dəyişikliklərinin bu iddialar və qorxularla heç bir əlaqəsi yoxdur” sözləri ilə reaksiya verib. Bununla da o, Ermənistan Konstitusiya Məhkəməsinin 2024-cü ildə çıxardığı məlum qərarın ölkənin əsas qanununun Azərbaycanla sülh sazişinin bağlanmasına maneə yaratmadığını vurğulayıb. Bir daha xatırladaq ki, Ermənistanın Konstitusiyasında İstiqlaliyyət Bəyannaməsinə istinad var. Orada “qondarma Dağlıq Qarabağ və Ermənistan birləşməlidir” məzmunlu paraqraf yer alıb. Bu da Azərbaycana ərazi iddiasıdır. Belə olan təqdirdə gələcəkdə bu, əleyhimizə işləyə bilər. Onu da qeyd edək ki, Konstitusiyada istinad edilən Ermənistan Respublikasının SSRİ-dən rəsmən müstəqilliyini elan edən Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan Ali Sovetinin birinci sessiyasında qəbul edilib
Prezident İlham Əliyev bildirib ki, Azərbaycana birbaşa ərazi iddiasını ehtiva edən Ermənistanın Müstəqillik Bəyannaməsi Konstitusiyanızın bir hissəsidir: “Konstitusiya Məhkəməsinin heç bir qərarı Konstitusiyadan üstün deyil. Mən hüquqşünas deyiləm, lakin hətta mən də bunu bilirəm. Buna görə də Ermənistan Konstitusiyasından müstəqillik bəyannaməsinin çıxarılması sülh müqaviləsinin imzalanması üçün yeganə qalan ilkin şərtdir“. Bununla da Prezident İlham Əliyev Ermənistan hakimiyyətinin iddialarının hüquqi baxımdan əsassız olduğunu vurğulayıb və bir daha mövcud konstitusiya dəyişmədən sülh sazişinin imzalanmayacağı mesajını verib. Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyev fevralın 13-də Münxendə “France 24” telekanalına müsahibəsində də belə bir fikir səsləndirib: “İkinci Qarabağ müharibəsinin bitməsindən sonra uzun illər ərzində bizim mövqeyimiz çox aydın olub. O dəyişilməlidir. Mən bildiyimə görə, Ermənistan referendum keçirməyi planlaşdırır. Bu olan kimi sülh sazişinin rəsmi imzalanmasına heç bir maneə qalmayacaq”.
Dövlətimizin başçısı həmin nümayəndənin “Sülh yolu kəsişməsi” bütün təşəbbüslərin, bağlantı təşəbbüslərinin nizamlanması baxımından olduqca maraqlı bir təşəbbüsdür” fikrinə isə belə münasibət bildirib: “Sülh yolu kəsişməsi”nə gəlincə, bilirsiniz, Prezident Tramp yenidən hakimiyyətə qayıdanda o, TRIPP layihəsinə start verdi. Odur ki, Prezident Bayden qayıdanda sizin “Sülh yolu kəsişməsi” layihəsini yenidən başladar”. Bu isə bir daha göstərir ki, Ermənistan TRİPP-i qəbul etsə də, bütün kommunikasiya xətlərini “sülh qovşağı”nda birləşdirmək niyyətindən hələ imtina etməyib və bu layihəni müxtəlif platformalarda zaman-zaman gündəmə gətirməyə çalışır. Bu mənada Stepan Safaryanın suallarının təxribat xarakterli olduğu aydın görünür.
Qvami Məhəbbətoğlu, “İki sahil”