16 fevral 2026 22:00
181

Aİ İran və ABŞ arasında problemin diplomatik həllini müsbət qarşılayıb

Avropa İttifaqı (Aİ) İran və ABŞ arasında Cenevrədə danışıqların aparılması perspektivini nizamlanma üçün yeganə mümkün yol kimi müsbət qarşılayıb.

“İki sahil” xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallasın rəsmi nümayəndəsi Ənvər Əl-Anuni bildirib.

"Biz, Avropa İttifaqı olaraq əminik ki, diplomatiyaya şans verilməsi vacibdir. Üstəlik, bu məsələnin etibarlı həlli yalnız diplomatik yolla tapıla bilər", - o Brüsseldə keçirilən brifinqdə deyib.

Ənvər Əl-Anuni qeyd edib ki, hərbi eskalasiya regional sabitlik üçün çox ağır nəticələrə yol aça bilər və İran üçün beynəlxalq ictimaiyyətin narahatlıqlarına, xüsusən də nüvə məsələsinə dair cavab vermək istəyinin nümayiş etdirməsinin tam vaxtıdır:

"Öz növbəmizdə, biz Yaxın Şərqdə sülhə, təhlükəsizliyə və sabitliyə sadiqik və bir daha xatırladırıq ki, əsas məsələ bütün tərəflərin beynəlxalq hüquqa hörmət etməsi, təmkinlilik nümayiş etdirməsi və regionda yeni eskalasiyaya səbəb ola biləcək hər hansı addımdan çəkinməsidir".

Xatırladaq ki, İran və ABŞ arasında danışıqlar fevralın əvvəlində Omanda baş tutub, tərəflər danışıqlar prosesinin davam etdirilməsi barədə razılığa gəliblər. Danışıqların ikinci raundunun çərşənbə axşamı Cenevrədə keçirilməsi gözlənilir.