Banqladeşin müvəqqəti hökuməti, ölkənin yeni baş naziri, Banqladeş Millətçi Partiyasının (BNP) lideri Tariq Rəhmanın çərşənbə axşamı keçirilməsi planlaşdırılan andiçmə mərasimindən əvvəl istefa verir.
“İki sahil” yazır ki, "Bu gün müvəqqəti hökumət istefa verir", - deyə Banqladeşin müvəqqəti hökumətinin sədri Məhəmməd Yunus xalqa müraciətində demokratiyanın, söz azadlığının və fundamental hüquqların qorunmasının davam etdirilməsinə çağırış edib.
Yunusun sözlərinə görə, "Banqladeş artıq itaətkar xarici siyasətə malik və ya digər ölkələrin təlimat və məsləhətlərindən asılı olan bir ölkə deyil."
Siyasətçi həmçinin ölkənin geniş regional iqtisadi imkanlarını qeyd edərək, Nepal, Butan və şimal-şərqi Hindistanla əməkdaşlıq yolu ilə böyük böyümə potensialını vurğulayıb. O, Banqladeşin dənizə çıxışının strateji bir aktiv olduğunu söyləyib. "Açıq dənizimiz sadəcə coğrafi sərhəd deyil, qlobal iqtisadiyyata açılan bir qapıdır".
Xatırladaq ki, Banqladeşdə 13-cü parlament seçkiləri 12 fevralda, Baş nazir Şeyx Hasinanın və onun Avami Liqası partiyasının 2024-cü ilin avqustunda kütləvi etirazlar fonunda istefasından 18 ay sonra keçirilib. Bir il yarım ərzində ölkə Nobel mükafatı laureatı Yunusun rəhbərlik etdiyi müvəqqəti hökumət tərəfindən idarə olundu.
Banqladeş Seçki Komissiyası BNP və onun tərəfdarlarının parlamentdəki 299 mümkün yerdən 212-ni qazandığını açıqlayıb. Əsas müxalifət qüvvəsi koalisiya tərəfdaşları ilə birlikdə 77 yerə sahib olan islamçı Camaat-e-İslami partiyası olacaq.
Məhərrəm Ağalaroğlu, “İki sahil”