Türkiyə Respublikasının Ankara şəhərində “Türk Eğitim-Sen” Təhsil İşçiləri Həmkarlar İttifaqının VIII Qurultayı keçirilib.
Qurultayda Türkiyənin dövlət və ictimai-siyasi xadimləri, milli təhsil naziri, Türkiyə Böyük Millət Məclisinin üzvləri, Avrasiya Təhsil İşçiləri Beynəlxalq Həmkarlar İttifaqları Birliyinə daxil olan təşkilatların rəhbərləri, Türkiyə Kamu-Sen Konfederasiyasının sədri və digər qonaqlar iştirak ediblər.
Tədbirdə təşkilatın hesabatı təqdim olunub, görülən işlər müzakirə edilib, Nizamnaməyə dəyişikliklər qəbul olunub və qarşıdakı dövr üçün prioritetlər müəyyənləşdirilib.

“İki sahil” xəbər verir ki, qurultayda çıxış edən ETİHİ Respublika Komitəsinin sədri Araz Paşayev bildirib ki, Türkiyədə yüz minlərlə elm və təhsil işçisini birləşdirən “Türk Eğitim-Sen” həm də türk dünyasının nüfuzlu təşkilatlarından biridir. O bildirib ki, Azərbaycan və Türkiyə arasında həmkarlar ittifaqları səviyyəsində qurulmuş əməkdaşlıq ortaq tarixə, mənəvi dəyərlərə və strateji tərəfdaşlığa əsaslanır. O, Ulu Öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir”, Mustafa Kamal Atatürkün isə “Hayatta en hakiki mürşit ilimdir” fikirlərinin ortaq inkişaf yolumuzun əsasını təşkil etdiyini vurğulayıb.
Qurultayın yekununda təşkilatın hesabat dövrü üzrə fəaliyyəti qənaətbəxş hesab edilib. Gizli səsvermənin nəticələrinə əsasən “Türk Eğitim-Sen”in sədri Talip Geylan yenidən etimad qazanaraq növbəti dörd il müddətinə təşkilatın sədri vəzifəsinə seçilib, təşkilatın İdarə Heyətinin tərkibi formalaşdırılıb. Bununla da qurumun institusional inkişafının davamlılığı təmin olunub və növbəti mərhələ üçün fəaliyyət çərçivəsi müəyyənləşdirilib.
Qeyd edək ki, 250 mindən çox ittifaq üzvünü birləşdirən “Türk Eğitim-Sen” 1992-ci ildə yaradılıb və Türkiyə Kamu-Sen Konfederasiyasına daxil olan ən böyük sahə həmkarlar ittifaqıdır.