Bakıda Şəhidlər xiyabanında qeyri-etik videolar çəkərək həmin videogörüntünü sosial şəbəkələrdə paylaşan Səudiyyə Ərəbistanının üç vətəndaşı - Alzaman Mahdi Ali, Alghabr Mohammad Hussain və Alghabr Mahdi Mohammadin cəzası 2 ildən 6 aya endirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Bakı Apellyasiya Məhkəməsi qərar verib.
Təqsirləndirilən şəxslərin vəkillərindən biri Rüfət Bədirli "Report"a deyib ki, onlara təyin edilən 6 ay cəzanın müddəti sabah bitir.
Onun sözlərinə görə, təqsirləndirilən şəxslər azadlığa buraxıldıqdan sonra ölkələrinə deportasiya olunacaqlar:
"Səbail Rayon Məhkəməsinin hökmü azadlıqdan məhrumetmə cəzasının müddəti hissəsində dəyişdirilib, cəzanın müddəti 6 ay müəyyən edilib. Təqsirləndirilən şəxslərə ölkə hüdudlarından kənara məcburi çıxarılma növündə təyin edilən əlavə cəza hissəsində isə hökm dəyişdirilmədən saxlanılıb".
Xatırladaq ki, Səbail Rayon Məhkəməsinin hökmü ilə onlar 2 il müddətə azadlıqdan məhrum ediliblər.