17 fevral 2026 21:44
130

Yeni Azərbaycan Partiyası: xalqın iradəsinə söykənən siyasi etimad ünvanı

YAP Yasamal rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Fevralın 17-də Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yaradılmasının 33-cü ildönümünə həsr olunmuş “Yeni Azərbaycan Partiyası: xalqın iradəsinə söykənən siyasi etimad ünvanı” adlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının 33 illik fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını salamlayıb və partiyanın Yasamal rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə təbrik edib: “Bugünkü tədbir partiyamızın, o cümlədən YAP Yasamal rayon təşkilatının ötən müddət ərzində keçdiyi zəngin və şərəfli inkişaf yoluna bir daha nəzər salınması baxımından mühüm əhəmiyyətə malikdir”.

Tahir Budaqov bildirib ki, bu gün dünyada müstəqil, nüfuzlu, qüdrətli və qalib ölkə kimi tanınan müasir Azərbaycanın möhtəşəm uğurlarında siyasi sistemin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının mühüm rolu və payı var: “Ötən əsrin 90-cı illərinin əvvəlində müstəqilliyini yenicə bərpa etmiş ölkəmizin gələcək taleyini müəyyən edən əlamətdar hadisələrdən biri məhz Yeni Azərbaycan Partiyasının yaradılması olmuşdur. Bu, sadəcə olaraq, bir partiyanın təsis olunması deyil, çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin dönüş nöqtəsidir. Bəllidir ki, Yeni Azərbaycan Partiyasının yarandığı şərait olduqca mürəkkəb dövrə təsadüf edir. Hələ XX əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəlində istər SSRİ miqyasında, istərsə də respublika səviyyəsində dağıdıcı proseslər baş verərkən - sovetlər ittifaqının çöküşü fonunda digər bir sıra ölkələr kimi, Azərbaycan da olduqca çətin vəziyyətlə qarşılaşmışdı. Respublikada faktiki olaraq ictimai-siyasi böhran mövcud idi, iqtisadi tənəzzül, siyasi qeyri-müəyyənlik və vətəndaş qarşıdurması ilə yanaşı, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və ölkəmizin bölgədə təcrid vəziyyətinə düşməsi ciddi təhdidlər, o cümlədən müstəqilliyin itirilməsi təhlükəsi yaratmışdı. Belə bir şəraitdə məqsədyönlü siyasət nəticəsində milli birliyin təmin edilməsi, müstəqil dövlət quruculuğunun həyata keçirilməsi və Azərbaycanın təlatümlərdən xilas edilməsi zərurətə çevrilmişdi. Bunun üçün isə təcrübəli, qətiyyətli, vətənpərvər və milli maraqları hər şeydən üstün tutan güclü siyasi liderə ehtiyac var idi. Bu tarixi şəxsiyyət isə, heç şübhəsiz, görkəmli dövlət xadimi Heydər Əliyev idi. Xalq yalnız onun liderliyi ilə Azərbaycanın müstəqilliyinin qorunub saxlanıla və parlaq gələcəyinin qurula biləcəyinə inanırdı. 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalının Heydər Əliyevə müraciət edərək yeni, müstəqil Azərbaycan uğrunda Yeni Azərbaycan Partiyasının yaradılmasını təklif etməsi də məhz bu inamdan qaynaqlanırdı. Ulu Öndərin həmin müraciətə cavab olaraq Yeni Azərbaycan Partiyasının yaradılmasına və partiyaya rəhbərlik etməyə razılıq verməsi isə taleyi sual altında olan Azərbaycanın gələcəyi naminə müstəsna əhəmiyyətə malik olmuşdur. Beləliklə, 1992-ci il noyabrın 21-də yaradılan Yeni Azərbaycan Partiyasının qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması Heydər Əliyevin bənzərsiz liderlik və fenomenal idarəçilik keyfiyyətləri ilə şərtlənmişdir. Qısa müddət ərzində respublikanın bütün bölgələrində yerli təşkilatların yaradılması istiqamətində mühüm addımlar atılmış, müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi və qarşıda duran hədəflərə çatmaq üçün sistemli fəaliyyət həyata keçirilmişdir”.

YAP Sədrinin müavini vurğulayıb ki,  yeni dəyərlər yaradaraq siyasi mədəniyyət nümunəsi ortaya qoyan Yeni Azərbaycan Partiyasına göstərilən yüksək etimad onun ümumxalq partiyasına çevrilməsini şərtləndirmişdir: “YAP ölkədə keçirilən bütün seçkilərdə inamlı qələbələr qazanaraq siyasi həyatda avanqard qüvvə - lider partiya olduğunu sübuta yetirmiş, hər bir siyasi marafondan uğurla və daha güclü çıxaraq siyasi sistemdə yerini daha da möhkəmləndirmişdir. Yeni Azərbaycan Partiyası 1993-2003-cü illərdə Heydər Əliyevin rəhbərliyi və xalqın dəstəyi ilə ictimai-siyasi sabitliyin, iqtisadi inkişafın təmin olunması, dövlətçiliyin möhkəmləndirilməsi - milli maraqların qorunması, respublikanın beynəlxalq mövqeyinin gücləndirilməsi istiqamətində ardıcıl işlər görərək mühüm nailiyyətlərə imza atmışdır”.

Tahir Budaqov qeyd edib ki, Ulu Öndər Heydər Əliyev siyasi varisliyi təmin etməklə, Azərbaycan dövlətini milli maraqlara, mənəvi dəyərlərə, xalqın ali iradəsinə əsaslanan siyasəti ilə zirvələrə daşıyacaq lider yetişdirməklə dövlətçilik tariximizdə ən böyük xidmətlərindən birini göstərmişdir: “Cənab İlham Əliyevin 2003-cü ildə ölkə Prezidenti, 2005-ci ildə isə Yeni Azərbaycan Partiyasının Sədri seçilməsindən sonra həm partiyamızın həyatında, həm də Azərbaycanın inkişafında keyfiyyətcə yeni mərhələ başlanmışdır. Həyata keçirilən məqsədyönlü siyasət nəticəsində misilsiz nailiyyətlər əldə edilmiş, xalq-iqtidar birliyi daha da möhkəmlənmiş, Azərbaycan regionda lider dövlətə çevrilərək dünyada etibarlı tərəfdaş kimi tanınmışdır. Ən əsası, ölkəmiz öz ərazi bütövlüyü və mütləq suverenliyini təmin etməklə Zəfər zirvəsinə yüksələrək regionumuz üçün də yeni perspektivlər yaratmışdır. Bu gün Cənubi Qafqazda Azərbaycanın konstruktiv siyasəti və prinsipial mövqeyi nəticəsində sülh və etimad quruculuğu uğurla həyata keçirilməkdədir”.

“Hazırda sıralarında 750 mindən artıq vətəndaşımızı birləşdirən, öz fəaliyyətində dialoq, konstruktiv əməkdaşlıq, qanunun aliliyi, azadlıq və bərabərlik prinsiplərinə söykənən, plüralizmi təşviq edərək siyasi sistemin inkişafına, Azərbaycanın müasir, demokratik və hüquqi dövlət kimi tərəqqisinə mühüm töhfələr verən Yeni Azərbaycan Partiyası müasir çağırış və hədəfləri əsas götürərək məqsədyönlü fəaliyyətini müvəffəqiyyətlə davam etdirir”, - deyən YAP Mərkəzi Aparatının rəhbəri əlavə edib ki, bu, partiyamızın ictimai-siyasi dayaqlarını gücləndirir və xalq-iqtidar birliyinin daha da möhkəmlənməsini şərtləndirir.

Tahir Budaqovun sözlərinə görə, YAP milli maraqların qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi - milli şüurun gücləndirilməsi, eləcə də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, partiyamızın və ölkəmizin beynəlxalq əlaqələrinin möhkəmləndirilməsinə hədəflənmiş mühüm tədbirlər reallaşdırır: “Dövlət başçısı, partiyamızın Sədri cənab İlham Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyası yeni dövrün çağırışlarından irəli gələrək suveren Azərbaycanın milli maraqlarının təmini üçün öz üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirmək əzmindədir. Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin mütərəqqi siyasi kursuna uyğun fəaliyyətini davam etdirən YAP Yasamal rayon təşkilatı da yeni dövrün reallıqlarından irəli gələn çağırışları diqqət mərkəzində saxlamalıdır. 1993-cü il fevralın 20-də yaradılan YAP Yasamal rayon təşkilatının sıralarında hazırda 34 min nəfərə yaxın üzv birləşmişdir ki, onlardan 18 mindən çoxu qadınlar, 2500-i isə gənclərdir. Bu böyük potensial rayon təşkilatının qarşısında duran bütün vəzifələrin mütəşəkkil qaydada və yüksək səviyyədə yerinə yetirilməsinə imkan verir”.

“Ümummilli Liderimizin qeyd etdiyi kimi, Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Dünən Azərbaycan naminə tarixi məsuliyyəti öz üzərinə götürən Ulu Öndərin ətrafında yaranmış, bu gün qalib xalqın Lideri - Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf edən YAP sabah da ümumxalq partiyası kimi fəaliyyətini uğurla davam etdirərək xalqımıza möhtəşəm nailiyyətlər qazandıracaqdır. Hər birinizə möhkəm cansağlığı, uzun ömür və şərəfli fəaliyyətində davamlı uğurlar arzulayıram. Yasaşın Ulu Öndərimizin qurucusu olduğu müasir müstəqil Azərbaycan dövləti və Heydər Əliyev dühasının xalqımıza böyük mənəvi-siyasi mirası olan Yeni Azərbaycan Partiyası! Vətənimizi, xalqımızı Zəfər zirvəsinə yüksəldən Müzəffər Liderimiz cənab İlham Əliyevə eşq olsun!”, - deyə YAP Sədrinin müavini əlavə edib.

Sonra çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov qeyd edib ki, Azərbaycanın ən güclü və mütəşəkkil siyasi qüvvəsi olan Yeni Azərbaycan Partiyasının möhtəşəmliyinin bariz təzahürü onun milli maraqların ifadəçisi olmasıdır: “Partiyanın keçdiyi şərəfli yol xalq-iqtidar birliyinin möhkəm təmələ əsaslandığını və sarsılmaz olduğunu təsdiqləyir. Bu gün müstəqil dövlətimizi uğurlu inkişafa aparan bu yolda Azərbaycan vətəndaşları Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin siyasi kursunu dəstəkləyir və böyük əzmlə dövlətin, xalqın, vətənin mənafeyi naminə səy göstərirlər. Bu istiqamətdə əldə olunan nailiyyətlərdə, heç şübhəsiz, YAP Yasamal rayon təşkilatının da özünəməxsus rolu vardır”.

YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov vurğulayıb ki, Yeni Azərbaycan Partiyası öz fəaliyyətində ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün qorunması, beynəlxalq aləmdə layiqli yer tutması kimi əsas milli prioritetlər istiqamətində qurmaqla cəmiyyətdə yüksək nüfuza malik olub: “Gələcəyə doğru inamla irəliləyən Yeni Azərbaycan Partiyası Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daha da qüdrətlənməsi istiqamətində ciddi səylər göstərir. Əldə olunan uğurların siyasi müstəvidə möhkəmləndirilməsində Yeni Azərbaycan Partiyasının, eləcə də YAP Yasamal rayon təşkilatının mühüm xidmətləri var”.

44 günlük Vətən müharibəsi şəhidi, Xüsusi Təyinatlı Qüvvələrin kapitanı, “Azərbaycan Bayrağı” ordenli Nurlan Mustafayevin anası, “H.Cavid pr.33a” ünvanı üzrə ərazi partiya təşkilatının sədr müavini Rahilə Ramazanova bildirib ki, Yeni Azərbaycan Partiyası bugünədək xalqın və dövlətimizin taleyində mühüm rol oynayıb və Azərbaycanın güclü dövlət kimi təşəkkül tapmasında böyük xidmətlər göstərib: “Bu gün partiyamızın gücü Ulu Öndər Heydər Əliyev ideyalarından və Prezident İlham Əliyevin uğurlu siyasətindən qaynaqlanır. Prezident İlham Əliyev ölkəmizin nüfuzunu artırmaqla onu dünyada müstəqil xarici siyasət yürüdən dövlət və etibarlı tərəfdaş kimi tanıdıb. Tarixi Zəfərimizdən sonra yaranmış yeni reallıqlar fonunda Azərbaycan dövləti Liderimiz İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyə doğru daha inamla irəliləməkdədir”.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Ümummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və qətiyyəti sayəsində yaradılan Yeni Azərbaycan Partiyası zəngin və şərəfli inkişaf yolu keçib: “Yarandığı gündən Yeni Azərbaycan Partiyasının əsas məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulması, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaradılmasından ibarət olub. Partiya ötən müddət ərzində öz məqsədlərinə uyğun fəaliyyət göstərib, çox mühüm nailiyyətlər əldə edib. Ölkəmizin əldə etdiyi uğurlarda Yeni Azərbaycan Partiyasının müstəsna rolu var”.

YAP Yasamal rayon təşkilatının 33 illik fəaliyyətindən bəhs edən Bəxtiyar Nəbiyev  qeyd edib ki, təşkilat yarandığı gündən bu günə qədər ictimai-siyasi həyatda öz uğurlu fəaliyyəti ilə hər zaman seçilib: “YAP Yasamal rayon təşkilatı Yeni Azərbaycan Partiyasının Proqramına uyğun fəaliyyəti ilə cəmiyyətin müxtəlif təbəqələrinin partiya ətrafında sıx birləşməsinə mühüm töhfələr verir. Təşkilatımız bundan sonra da qarşıya qoyulan vəzifələrin icrasını uğurla təmin edəcəkdir”.

Çıxışlardan sonra YAP Yasamal rayon təşkilatının yaradılmasının 33-cü ildönümü münasibətilə partiyanın və rayonun ictimai-siyasi həyatında fərqlənən şəxslərə fəxri fərmanlar təqdim olunub.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra konsert proqramı təqdim olunub.