17 fevral 2026 23:11
94

Azərbaycanla Gürcüstan arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Bakıda Azərbaycan və Gürcüstan Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Bildirilib ki, Azərbaycan tərəfindən siyasi məsləhətləşmələrə xarici işlər nazirinin müavini Samir Şərifov, Gürcüstan tərəfindən isə xarici işlər nazirinin müavini Laşa Darsalia rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı Azərbaycan və Gürcüstan arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin hazırkı yüksək səviyyəsindən məmnunluq ifadə olunub, iki ölkə arasında əməkdaşlığın regionun təhlükəsizliyi və iqtisadi rifahı üçün əhəmiyyət kəsb etdiyi vurğulanıb.

Ölkələr arasında yüksək səviyyəli qarşılıqlı səfərlərin və siyasi dialoqun dinamikasından məmnunluq ifadə olunub, beynəlxalq təşkilatlar çərçivəsində və çoxtərəfli formatlarda əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Görüş zamanı həmçinin iqtisadi, ticarət, enerji, nəqliyyat, tranzit, humanitar və təhsil sahələrində əməkdaşlığın mövcud vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

Baş nazirlərin rəhbərlik etdiyi Azərbaycan ilə Gürcüstan arasında İqtisadi əməkdaşlıq məsələləri üzrə birgə Hökumətlərarası Komissiyanın ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Gürcüstan tərəfinə münaqişədən sonrakı dövrdə bölgədə yaranmış yeni reallıqlar, Azərbaycanın sülh gündəliyi və işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri barədə məlumat verilib.